Bakıdan Sumqayıta alternativ yol çəkilir? -<span style=color:#e74c3c> 2020-ci ilin sonuna qədər də tıxacda qalacağıq</span>

Bakıdan Sumqayıta alternativ yol çəkilir? - 2020-ci ilin sonuna qədər də tıxacda qalacağıq

A + A -

Bakı-Sumqayıt yolunda tıxac problemi illərdir həllini tapmır. 

Bəzən saatlarla davam edən tıxac daha çox Biləcəri enişində özünü göstərir. Tıxac əsasən pik saatlarda daha çox müşahidə edilir. Minlərlə sürücü və sərnişin hər gün eyni problemlə qarşılaşsa da, nəticə yoxdur.  Artıq dövlət başçısı İlham Əliyev problemin həlli ilə bağlı müvafiq göstəriş verib. Rəsmi qurumlar  bu istiqamətdə müxtəlif layihə və işlər üzərində çalışdıqlarını bəyan edirlər. 

Problem necə həll olunmalıdır? Alternativ yol çəkilməsi mümkündürmü? 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli Cebhe.info-ya açıqlamasında Bakı-Sumqayıt yolunda alternativ yol çəkilməsinin mümkünsüzlüyünü vurğulayıb. O deyib ki, həmin ərazidə yaşayış məntəqələri kifayət qədər sıxdır:

“Şəhərətrafı və alternativ yol çəkilişi alınmır. Hazırda ölkə başçısının tapşırığına uyğun olaraq tıxacın aradan qaldırılması üçün mütəxəsislər və aidiyyətu ququmların birgə iştirakı ilə təkliflər hazırlanır. Yaxın müddətdə həmin təkliflər ölkə başçısına təqdim olunacaq. Müvafiq, məqsədəuyğun olan işlərin aparılması növbəti ilin investisiya proqramına salınaraq 2020-ci ilin sonuna qədər həmin istiqamətdə Xırdalan dairəsində tıxacın aradan qaldırılması üçün addımlar atılacaq. Bununla paralel olaraq digər istiqamətlərdə, Bakı-Sumqayıt yolunda harada sıxlıq yaranırsa, bununla bağlı da təkliflər hazırlanıb aidiyyəti üzrə təqdim olunacaq”. 

Nəqliyyat üzrə ekspert Azər Allahverənov isə hesab edir ki, əslində tıxacı yaradan bir sıra vacib amilləri üzə çıxarmaq lazımdır:

“Ayrı-ayrı qurumlar bu prosesə cəlb olunmalıdır. Ola bilsin ki, vahid platformada İşçi Qrupu yaradılsın. İşçi Qrupunda ayrı-ayrı strukturların nümayəndələri təmsil olunmalıdır. Yalnız o amillər üzə çıxarılandan sonra onları aradan qaldıra biləcək təkliflər paketi hazırlana bilər. Təbii ki, tıxacın yaranmasının bir çox səbəblər var ki, onlar düzgün dəyərləndirilməlidir. O ki qaldı alternativ yolun çəkilməsi və ya hansısa tədbirlərin görülməsinə, bu, kompleks şəkildə həyata keçməlidir. Burada ictimai nəqliyyat sektoru, taksiçilik fəaliyyəti, nəqliyyat vasitələrinin idarə olunmasına cəlb olunan Dövlət Yol Polisi, Azərbaycan Dövlət Avtomobil Yolları Dövlət Agentliyi, layihələndirmə institutları, ekspert dairələri, bir sözlə, nəqliyyat vasitələrinin intensivliyi ilə əlaqədar hansısa səlahiyyət daxilində işlər görən bütün strukturlar prosesə cəlb olunmalıdır. Bu məsələdə həm də beynəlxalq praktikaya nəzər yetirmək lazımdır ki, bunabənzər hallar ayrı-ayrı ölkələrdə necə aradan qaldırılır. Ola bilsin ki, alternativ yol çəkilsin, əlavə tunellər, yaxud yeni yol qovşağı inşa olunsun. Məhz görülən bütün tədbirlər bu məsələ rol oynayan müxtəlif yanaşmalardan irəli gələrək həyata keçirilə bilər. Kimsə desə ki, filan ərazidə yol çəkiləcək və məsələ həll olunacaq, bu yanaşma özü səhvdir. Əgər söhbət nəqliyyat vasitələrinin axınının bölüşdürülməsi üçün əlavə yolun çəkilməsindən gedirsə, demək ki, o yoldan necə istifadə olunacağı da əhəmiyyət daşıyır. Məsələn, “Şamaxinka” deyilən ərazidə tuneldə daralma varsa, orada genişləndirmə işi mümkün deyil. Çünki relyef buna imkan vermir. Bəlkə orada bir neçə mərtəbəli yol ötürücüsü inşa olunsun. Ola bilsin ki, bu, alternativ variantdır. Hər bir təklifin, ideyanın iqtisadi səmərəliliyi, vaxtı, büdcədən tələb olunan vəsait və bir neçə indiqator üzrə dəqiqləşdirmələr aparıldıqdan sonra konkret nəsə etmək olacaq”. 

Alçina Amilqızı 
Cebhe.info

  08.11.2019 13:24    |      5633