Ərdoğana 3 cəbhədən <span style=color:#e74c3c>HƏMLƏ</span>

Ərdoğana 3 cəbhədən HƏMLƏ

A + A -

Türkiyənin keçmiş baş naziri Əhməd Davudoğlu noyabrda plakatlarını asmağı planlaşdırdığı yeni partiyası üçün İstanbulda bina kirayə götürüb. 

Davudoğlu Ankaradakı fəaliyyətini Beysukent rayonunda olan binada həyata keçirir. İstanbulda yeni kirayəyə götürülmüş bina isə İstanbul regionu üzrə mərkəz olacaq. Burada Əhməd Davudoğlunun yeni yaradılacaq partiyasının fəaliyyətini hakim ədalət və İnkişaf Partiyasında (AKP) bölgə rəhbəri olmuş Selim Timurci həyata keçirir.

Türkiyə mediasının verdiyi məlumata görə, əvvəllər Kadir Has Universitetinin fəaliyyət göstərdiyi bina İstanbulun Bahçelievler rayonundadır. İctimai nəqliyyatın müxtəlif növlərinin yolu üstündə yerləşən binadan yeni partiyanın plakatlarının asılması noyabrda gözlənilir. Partiyanın adı hələ ki, açıqlanmayıb. Qeyd edilən xəbər ilin sonlarına doğru Türkiyənin siyasi həyatında fəallığın artacağını göstərir. Bu isə hakim Ədalət və İnkişaf Partiyasının sosial bazasında parçalanma prosesini sürətləndirə bilər.

Yaxın aylarda sabiq baş nazir Əli Babacanın da siyasi partiya yaradacağı gözlənilir. Yəni son zamanlar siyasi dayaqları zəifləyən AK Partiyanın elektoratı uğrunda rəqabətin güclənməsi müşahidə olunacaq. Proseslərin belə gedişi isə bu il Türkiyədə yerli özünüidarəetmə orqanlarına keçirilən seçkilərin qalibi olan Cümhuriyyət Xalq Partiyası və İyi Partiyanın xeyrinə işləyə bilər. 

“Oğuz” Müstəqil Araşdırmalar Qrupunun rəhbəri Vüqar Zifəroğlu hesab edir ki, sonuncu seçkilərdə AKP-nin böyük şəhərlərdə, o cümlədən İstanbulda məğlub olması təşkilatda yenilənmə prosesini zərurətə çevirib:

“1940-cı illərdən başlayaraq, Türkiyədə alternatyiv mərkəz funksiyasını dini kəsim təşkil edib. Hətta 1950-ci ildə Adnan Menderesin liderlik etdiyi Demokrat Partiyası yarananda belə, siyasi islamçılar üstünlük təşkil edib. Bu ənənə Səadət Partiyası, Rifah Partiyasının fəaliyyəti dövründə də davam edib. Sonrakı mərhələdə AKP siyasi səhnəyə gəldi. İndi isə yeni bir partiya meydana çıxmaq üzrədir. Türkiyədə siyasi islam xətti daim yenilənmələrə gedərək özünü qorumağa çalışır. Hazırda Əhməd Davudoğlunun liderliyi ilə belə bir prosesin start götürdüyünü görürük. Əgər 2003-cü ildə AKP zəifləmiş, siyasi cəhətdən gücdən düşmüş Rifah Partiyasının bazası əsasında yaradıldısa, eyni prosesin bu gün biz Əhməd Davudoğlunun başçılığı altında həyata keçirilməsində görürük. Çünki artıq AKP obyektiv və subyektiv səbəblərdən itkilər yaşamaqdadır. Yeni yaranacaq partiya AKP-nin siyasi kursunu təkrarlamayacaq. Təbii ki, burada siyasi rekonstruksiya baş verəcək, korrektələr olacaq. Bununla da siyasi auditoriyaya nəzarəti əldə saxlamağa və seçkilərdə qalib gəlməyə çalışmaq istəyirlər. Ancaq buna nə qədər nail olacaqlarını demək çətindir. Davudoğlu “yenilənmə misiyasını həyata keçirə biləcəkmi” məsələsi ciddi müzakirə mövzusudur. Ancaq islamçıların daha geniş sosial bazaya malik olduğunu demək mümkün deyil. Son illər Türkiyədə baş verən proseslər göstərdi ki, Türkiyədə siyasi islamçılar ictimai dəstəyi itirmək üzrədir. Hər halda, yeni bir siyasi qüvvənin ortaya çıxmasının şahidi oluruq. Yaxın zamanlarda Türkiyədə çox maraqlı proseslər baş verəcək. Onu da qeyd edim ki, hazırda Türkiyənin siyasi sistemində sağ mərkəzdə ciddi boşluq var. Həmin yeri AKP tutmuşdu və onun alternativi yoxdur. Bu baxımdan, Əhməd Davudoğlu yaranmış boşluğu belə bir rəqib partiya yaratmaqla müəyyən gedişlər etmək, sağ mərkəzdə səsləri qazanmaq istəyir. İyi Partiya yarananda həm dini, həm də millətçi kəsimi özündə birləşdirməyi, yəni bu məqsədi qarşısına məqsəd qoymuşdu. Amma İyi Partiya bu misiyanın öhdəsindən gələ bilmədi. İndi isə Davudoğlunun timsalında yeni bir variant ortaya atılır. Həmin prosesin perspektivi növbəti mərhələdə MHP, CHP, hətta HDP-nin atacağı addımlardan asılı olacaq”. 

Ekspert bildirdi ki, mövcud situasiyada protest elektoratın səsini ən çox qazanmaq imkanına malik olan siyasi təşkilat CXP-dir. Vüqar Zifəroğlunun sözlərinə görə, yeni yaradılacaq partiyanın təşkilində kimlərin iştirak etməsi, öz işini necə qurması, hədəf kütlə auditoriyası və digər partiyalarla işləmək şərtləri ümumi nəticəyə ciddi təsir göstərə biləcək addımlardır. 

“AKP oturuşmuş sosial bazaya malikdir. Bu auditoriyadan müəyyən kəsim götürə bilərlər. Amma AKP-nin sosial dayaqların laxlada biləcəklərini demək mübahisəli məsələdir. Digər tərəfdən, müxalifətin öz arasında olan rəqabət narazı elektoratın səslərini bölə bilər. Belə olan halda, AKP nə qədər zəifləsə də, oturuşmuş auditoriyası olduğuna görə, yenə qabağa çıxa bilər. CHP-nin sosial bazasına nə Əhməd Davudoğlunun, nə də Əli Babacanın iddiası yoxdur. Çünki CHP mərkəzçi mövqeyə malikdir. Ümumiyyətlə, sol düşərgədə ciddi boşluq var. Ancaq AKP-nin sosial bazasını mühafizəkar dini elektorat təşkil edir. Onlar AKP-yə sıx bağlıdır. Burada həm də Rəcəb Tayyib Ərdoğanın timsalında lider amili var. Ərdoğan AKP-nin rəhbəri olduqca onun tərəfdarlarını bu partiyadan ayırmaq çətin olacaq. Amma AKP-dən ayrılmış dini elektorat var. Seçkilərdə bu eektoratın xeyli hissəsinin səslərini HDP, az hissəsini isə CHP əldə edə bildi. Çoxlu sayda elektorat isə heç kimə səs vermir. Qarşıda həmin o seçicilərin səsini qazanmaq uğrunda güclü siyasi rəqabət gözlənilir”.

Müşfiq Abdulla
Cebhe.info

  03.10.2019 20:00    |      21264