<p style=margin-left:0cm; margin-right:0cm><span style=color:#ff0000>“Özgə ağrısı”yla yazılmış kitab</span>

“Özgə ağrısı”yla yazılmış kitab

A + A -

Hər kəsin taleyinə bir ömür payını yaşamaq düşür və hər kəs bu ömrü bacardığı kimi yaşayır.

Azərbaycan və Dağıstan ədəbiyyatının tanınmış nümayəndəsi Sədaqət Kərimovanın da taleyinə şair, nasir, ssenarist, publisist, dramaturq həyatı yaşamaq düşüb. O, bu həyatı sevgi ilə, şövqlə, istək və ehtirasla yaradıcılığa həsr edib. Bu yazıda çox maraqlı və mənalı həyatını jurnalistikaya, mədəniyyətin və elmin inkişafina həsr etmiş tanınmış jurnalist Sədaqət Kərimovanın yeni çapdan çıxmış “Özgə ağrısı” kitabından danışacam.

Bir az hissə qapılıb haşiyə çıxmağım isə onun yaradıcılığına, insanlığına, humanizminə olan hədsiz sevgimdən irəli gəlir, əziz oxucu. Sədaqət xanımın işıqlı siması mənə “Sovet kəndi” qəzetindən tanışdır. Tələbə kimi təcrübəmi həmin redaksiyada keçirdim. Şöbə müdiri Müzəffər Məlikməmmədov məni Sədaqət xanıma tapşırdı. Deyəsən, mənim utancaqlığım, sıxılmağım da onu təsirləndirmişdi. Xüsusi diqqət və qayğı ilə əhatə olunurdum. Etiraf edim ki, bu, mənim çox xoşuma gəlirdi və mən onlara möhkəm bağlandım.

Təyinatla getdiyim Yardımlı rayonundan doğmalarımın yanına gələndə hər dəfə onunla görüşürdüm. Mənim mərkəzi mətbuata gəlib çıxmağımın səbəbkarı, yolumda mayak oldu bu əvəzolunmaz xanım. Onun xeyirxahlığı sayəsində ailəmizdə də böyük sevinc yaşandı və onun şərəfinə adını ailəmizə gətirdik, canlı əbədiləşdirdik. Adı da düşərlidir. Qardaşımın ilk övladı Sədaqət indi Almaniyada yaradıcılıqla məşğuldur.

Qısaca onu deyim ki, peşəkar jurnalist Sədaqət Kərimova müxtəlif vaxtlarda “Sovet kəndi”, “Həyat”, “Azərbaycan”, “Günay” qəzetlərində və “Kirpi” jurnalında müxtəlif vəzifələrdə işləyib. 1997-ci ildən ləzgi, Azərbaycan və rus dillərində çıxan “Samur” qəzetinin baş redaktorudur. Üç dildə çap olunan 8 minə yaxın məqalə, oçerk, korrespondensiya, zarisovka, esse və felyetonun müəllifidir.

 Jurnalistika və yaradıcılıq sahəsində əldə etdiyi nailiyyətəri dövlət tərəfindən yüksək qiymətləndirilib. 1984-cü ildə “Qızıl qələm”, 1991-ci ildə “Həsən bəy Zərdabi”, Kütləvi İnformasiya Vasitələri Həmkarlar İttifaqının “Məhsəti Gəncəvi” və “Xan qızı Natəvan” mükafatları ilə təltif olunub. 2006-cı ildə Sədaqət Kərimovaya “Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi” fəxri adı verilmiş, 2009-cu ildə o, Dağıstan Respublikasının “Şarvili” mükafatına layiq görülüb.
“Özgə ağrısı” S. Kərimovanın sayca 25-ci kitabıdır. Çox maraqlı və oxunaqlı, şirin dili olan müəllifin obrazlar qalereyası zəngindir. O, cəmiyyətdə gedən proseslərə münasibət bildirərkən elə qəhrəmanlar seçir, onların dili ilə fikrini geniş oxucu kütləsinə çatdırır ki, nəticə çıxarmamaq mümkün deyil. Uzun zaman əsərin təsirindən ayrıla bilmirsən. 

Oxuculara yeni təqdim olunan bu kitabda ünlü jurnalistimizin qəhrəmanları özgə ağrıları ilə yaşayanlardır. “Gecikmiş bənövşə"də Camal yoxluğuna dözmədiyi mərhum həyat yoldaşı Bənövşənin həsrətini çəkə-çəkə yaşayır. Bənövşə öz gəlişi ilə onun həyatına necə böyük səadət, bəxtiyarlıq gətirmişdisə, gedişi ilə də bir o qədər qəm-qüssə, kədər qoymuşdu. Camal titrəyə-titrəyə can verəndə, həyatla vidalaşanda da bənövşə çiçəyini qoxlaya-qoxlaya həyata “əlvida” deyir.

Ax, ölən məhəbbət, ax ölən istək...

Nakam sevgidən bəhs edən “Yeddi Pəri” hekayəsi cəmiyyəti cənginə almış yad təsirlərə uyub sevdiyi qızı atan gənclərimiz üçün çox tərbiyəvi əhəmiyyətli süjet xəttinə malikdir. Doqquzuncu sinfi yenicə bitirmiş yeniyetmə-gənc Ayişə böyürtkən yığmağa gedəndə sevdiyi Abbasla görüşür və ailə qurmayıb ata evində qarıyan Pəri onları görür. Abbasın zorla Ayişəni öpdüyünü görən Pəri bu səhnəni soyuq nəzərlərlə süzür və bu Ayişəyə utanc gətirir. Təhsil almaq dalınca Rusiyaya gedən Abbas rus qızı ilə evlənir, sevdiyi gözəl Ayişəsi də onun yolunu gözləyə-gözləyə qarıyır. Abbasın bacısının toyunda qarşılaşsalar da artıq gec idi, zaman öz sözünü demişdi. İndi Ayişə də kəndin yeddi Pərisindən -qarımış qızından biri idi.

“Yeddi pəri” hekayəsində və digər hekayələrində Sədaqət xanım ədəbiyyatımızın görkəmli yazıçılarına xas bir tərzdə Azərbaycanın milli koloritini gözəl bədii priyomlarla əks etdirib. Kitabı mütaliə edənlər bunun canlı şahidi ola bilərlər. “Oğurluq” hekayəsində Fatma xalanın yasəmənlərini sevdiyi Mehriban üçün oğurlayan İlhamın-Kişmişin uşaq sevgisi sonra peşmançılığa çevrilir ki, bu da oxucunu həm riqqətləndirir, həm də təəssüfləndirir.

“Vəsiyyət” hekayəsində kardioloq Nazim anasını xəstəliyin pəncəsindən xilas edə bilmir. Uşaq vaxtı qarğıdalı dənəsi boğazında qalanda onu qucağına alıb tələsik həkimə aparan Xədicə xanım oğlunun elə bu səbəbdən həkim olmasını tövsiyə edir. Nazim həkim olur. Ana xəstələnir. Ürəyi infarkt olan anasını sağalda bilmədiyi üçün Nazim peşiman olur. Ana dünyasını dəyişir və vəsiyyət yazıb həyat yoldaşı Ələddinə verir. Xədicə ananın arzusu ilə vəsiyyət yazılmış məktubu Ələddin bir müddət sonra ilk övladı Nazimə verir. Nazim məktubu bacı və qardaşlarına həyəcanla oxuyur. Ölümündən sonra övladlarının bir-biri ilə mehriban olmasını və həyat yoldaşını tənha qalmaması üçün evləndirmələrini vəsiyyət edən ananın ölümündən sonra da ailəsini düşünməsi Sədaqət xanımın qəhrəmanlarına xas xüsusiyyətidir.

S.Kərimovanı yaradıcılığı boyu tərk etməyən mənəviyyat mövzusu onun daxili ağrısıdır. Gənc nəsli, möhkəm təməl üzərində qurulmayan ailələri, sevib-sevilənləri, etibara, sədaqətə, bir-birini anlamağa, yad təsirlərə uymamağa, milli təəssübkeşliyə, diqqətli və həssas olmağa səsləyir. Tanınmış yazıçı, şair, publisist və dramaturq cəmiyyəti mənəviyyatsızlıqdan xilas etmək istəyir.

“Səssiz haray” adlı ilk kitabı 1989-cu ildə çapdan çıxanda mən Yardımlı qəzetində işləyirdim. Az müddət sonra “Bir yaz gecəsi” oxuculara təqdim olundu. Qusarın uca dağ zirvələrindən, sıldırım qayalarından, gur çaylarından, yaşıl ormanlarından güc, qüvvət, mənəvi ruh alan xanım jurnalistin qələminin sədası səssiz haraylar qopartdı. Yaz gecələrinin həzinliyi, həlimliyi, sevib-sevilənlərin qəlb çırpıntıları onun qəlb çırpıntılarına qovuşub qələmindən süzüldü, sətirlərə, misralara çevrildi, ağ vərəqlərə köçürüldü.

Daha sonra “Hal” da və Sərvinazın acı taleyi məni qəhərləndirmişdi. Bunlar mənim sevə-sevə oxuduğum kitablardır. Onun uşaqlar üçün yazdığı şeirlər toplusu, ləzgi dilində çap olunmuş povest və hekayələri, uşaq şeirləri sevilərək mütaliə olunur.

“Özgə ağrısı” kitabına daxil edilən “Xəzan” povesti qısqanclıq zəminində yaranan ailə münaqişəsinə həsr olunub. Ziyalı, ali təhsilli institut müəlliməsi Səhranı sevib onunla ailə həyatı quran Asim həyat yoldaşına xəyanət edir. Allah Səhranın qismətinə tez-tez məhəbbət romanları yaşayan bir adam çıxarmışdı. Qəhrəmanının dili ilə Asimə ünvanlanan: “Sədaqət hissi təkcə qadına yox, kişiyə də xas olmalıdır. Əgər bu günə qədər bu sadə həqiqəti başa düşməmisənsə, sən içi boş və puç adamsan”-sözləri əslində müəllifin sevdiyi xanımına xəyanət edən kişilərə nəsihətidir. Bu, Sədaqət xanımı bütün yaradıcılığı boyu narahat edən məsələdir, əsərlərinin əsas motivi və qayəsidir. 

Səhraya doğma olduğu qədər yad, yad olduğu qədər doğma olan Asimi o itirmək istəmir. Özündən 13 yaş balaca olan ərsiz qadın Gülzara vurulmasının günahını özündə axtarır. -Qocalmışam, heç kəsə lazım deyiləm, -düşünür. Mən indi saralıb-solmuş xəzan yarpağına bənzəyirəm. Ümidsizliyə qapılıb əli hər şeydən üzülən Səhra Tanrıya əl açır. Yeganə ümidi Allaha qalan Səhranın ümidləri sonda göyərir və ayrılıq küləkləri səmtini dəyişir.

“Özgə ağrısı” kitabına daxil edilən digər hekayələr və “Soyuq Günəş” pyesi mənəvi tərbiyə mövzusunda müxtəlif süjet xəttinə malik əsərlərdir. Sədaqət Kərimova qələmindən bəhrələnmək, onun şirin dilinin məhvərinə düşərək dincəlmək istəyənlərə bu kitabı alıb oxumağı məsləhət görürük.

Rəhilə Misirxanlı,
Azərbaycan Jurnalistlər 
Birliyinin üzvü

Cebhe.info

  30.08.2018 19:00    |      367

Yuxarı qayıt