Məktəblərdə pul yığımının qarşısını necə almaq olar? – <span style=color:#e74c3c>Ekspertdən təklif</span>

Məktəblərdə pul yığımının qarşısını necə almaq olar? – Ekspertdən təklif

A + A -

“Biz artıq təhsildə islahatların 3-cü mərhələsindəyik. Birinci mərhələdə struktur və nəzəriyyə formalaşdırıldı, ikincidə təhsil qanunvericiliyinin formalaşdırılması prosesi həyata keçirildi. İndi isə 3-cü, kadr potensialını gücləndirmə və təkmilləşdirmə mərhələsi başlayıb. Artıq təhsil sistemi öz “artıqlarından” azad olacaq”.

Cebhe.info xəbər verir ki, bunu təhsil məsələləri üzrə ekspert Kamran Əsədov deyib.

Onun sözlərinə görə, bundan sonra, aparılan islahatlara kölgə salanlar, təhsilə, müəllim adına xələl gətirənlər bu sistemdən uzaqlaşdırılacaq:

“Bu proses yüksək səviyyədə və açıq şəkildə başlayıb. Son bir ay ərzində Kəlbəcər rayonu 108 nömrəli tam orta məktəbin direktoru Bəsti Hüseynova işdən azad edilib, Ağdam rayonu 89 nömrəli tam orta məktəbin direktoru Nərgiz Zeynalovaya sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib, Sumqayıt şəhəri 8 nömrəli tam orta məktəbin direktor müavini Nənəxanım Əliyeva tutduğu vəzifədən azad edilib, 193 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Elnarə Qasımovaya töhmət, Azərbaycan dili və ədəbiyyat müəllimi Toyzu Mustafayevaya isə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib. 

Onların hər birinin cəzalanmasına səbəb çalışdıqları müəssisədə həyata keçirdikləri qeyri-qanuni pul yığmaları olub. Bunlar artıq sistemdə sağlamlaşdırılma mərhələsinin başladığını göstərir. Bəs günah kimdədir? Nə baş verir?

Hazırda məktəblərdə əsas problem əsassız pul yığımı: fond pulu, süpürgə pulu, kağız pulu, KSQ, BSQ pulu, katric puludur. Təhsilin keyfiyyəti müzakirə predmeti deyil. Bütün hallarda dövlət orta məktəblərində pul yığıla bilməz. Amma valideynin təhsilin idarəolunmasında iştirakı və töhfəsi məsələləri “Təhsil haqqında” qanunun 34-cü maddəsi ilə və Təhsilin inkişafı strategiyasının 3.2.2. bəndi ilə tənzimlənir. Valideyn məktəbə istər təşkilati, istər maddi və digər dəstəyi yalnız qanunvericilik çərçivəsində həyata keçirə bilər və burada qəribə heç bir şey yoxdur, dünya praktikasında bu mövcuddur”.

Ölkədə hazırda 4447 məktəbin və 1.5 milyon şagirdin olduğunu xatırladan ekspert bildirib ki, bu o deməkdir ki, bizə hər 4 həftədən bir fənn üçün keçirəcəyimiz KSQ-yə 1.5 milyon ağ kağız lazımdır:

“Məlumdur ki, siniflərdə azı 9-11 fənn var, bu o deməkdir ki, hər 4-5 həftədən bir keçirilən KSQ üçün azı 15 milyon kağız, onu çap etmək üçün printer, kartric lazımdır.

Düzdür, dövlət büdcəsindən lazım olan resurslar tam şəkildə təmin olunur. Amma bir çox hallarda kağız üzərində... Yəni əslində, bütün məktəblər kağız da, kartric də alır. Amma ya alınan kağız şagirdlərin sayına çatmır, ya da bəzi məktəb direktorları onları satır. Məsələ odur ki, kağız, kartric problemi var. Məhz bu zəruri resurs çatışmazlığına görə məktəblərdə pul yığılır.

Bəs problemdən çıxış yolu nədir? Həlli yollarından biri KSQ və BSQ-nın ləğv olunmasıdır. Amma bu real deyil. Çünki KSQ və BSQ minimum təhsil standartların reallaşmasını ölçmək üçün vasitədir. İkincisi isə KSQ və BSQ elektron qaydada həyata keçirilməsidir. Hazırda məktəblərin 98 faizi kompüterləşdirilib. Onları yenidən yoxlayıb işlək hala gətirmək lazımdır. Bu həm il ərzində milyonlarla kağız israfının, həm də əsassız pul yığımının qarşısını alar”.

Alçina Amilqızı
Cebhe.info

  05.11.2019 12:17    |      5941