“Başsız müxalifət”:<span style=color:#e74c3c> Putinin əleyhinə çevrilir</span>

 “Başsız müxalifət”: Putinin əleyhinə çevrilir

A + A -

Rusiyada avqustun 24-də növbəti yürüş-mitinqin keçirilməsinə icazə verilməyib.

Qeyd edək ki, müxalifət bu tarixə yürüş-mitinq təyin etmişdi. Bu barədə KİV-ə Moskva Şəhər Dumasına namizədliyi qeydə alınmamış Aleksandr Solovyov məlumat verib. Siyasətçi Dmitri Qudkov isə facebook səhifəsində Moskva meriyasının 24 avqusta planlaşdırılan 3 aksiyaya icazə vermədiyini açıqlayıb.

Məlumata görə, namizədliyi qeydə alınmayan Yelena Rusakovanın Tver küçəsində keçirmək istədiyi yürüşə də icazə verilməyib. Hər 3 aksiyanın şəhər mərkəzindən başlayaraq daha sonra yürüş şəklində davamı nəzərdə tutulurdu. Meriya aksiyaların keçirilməsinə icazə verilməməsini həmin ərazilərdə başqa tədbirlərin nəzərdə tutulması ilə əlaqələndirib. Ancaq söhbətin hansı tədbirlərdən getdiyi məlum deyil.

Qeyd edək ki, Rusiya hüquq-mühafizə orqanları etirazların qarşısını almaq üçün kütləvi həbslərə başlayıb. “Müddətsiz etirazlar” hərəkatının fəalı Dmitri Baturo aksiyada Darya Sasnovskyanı döyən polisə etiraz etdiynə görə, saxlanılıb. O, polis bölməsində ağır şərkildə döyülüb və xəstəxanaya yerləşdirilib. Darya Sasnovskya özü də sonradan ikinci dəfə səhhəti pisləşdiyi üçün xəstəxanaya aparılıb. Buna baxmayaraq, müxalifət mövqeyindən geri çəkilmək istəmir və aksiyaları sentyabrın 8-də Moskva Şəhər Dumasına keçiriləcək seçkilərə qədər kulminasiya nöqtəsinə çatdırmağı planlaşdırır.

Belə bir fonda etirazlarda liderin olmaması proseslərin kortəbii getdiyini göstərir. Hazırkı mitinqlərin fəalları etirazlar zamanı həbs olunub, müxalifətin liderləri isə artıq bir müddətdir ki, həbsdədir. Rusiya müxalifətinin lideri hesab olunan Aleksey Navalnı də həbsdədir. İyulun 2-də Moskva şəhərinin Xoroşevski rayon məhkəməsi Korrupsiya ilə Mübarizə Fondunun rəhbəri Aleksey Navalnını ictimai tədbirdə iştirak qaydasını təkrar pozduğuna görə, 10 sutkalıq həbs edib.

İttiham tərəfinin versiyasına görə, iyunun 12-də polis tərəfindən şərlənmiş jurnalist İvan Qolunova dəstək yürüşü zamanı Navalnı küçənin bağlanmasında iştirak edib, habelə siyasi şüarlar səsləndirib. Bundan sonra Xoroşevski məhkəməsi işə baxılmasına mane olan çatışmazlıqların aradan qaldırılması üçün Navalnı barədə işi Strogino rayonunun polis şöbəsinə qaytarıb.

Korrupsiya ilə Mübarizə Fondu isə bildirib ki, iyulun 1-də keçirilən məhkəmədə polis Navalnının təqsirini sübut etmək məqsədilə foto və video nümayiş etdirib. Bu materiallarda Navalnı görünmür. Bundan başqa polis müttəhimin küçəni bağladığına dair raportu təqdim edib, halbuki Navalnı bu küçədə, ümumiyyətlə olmayıb.

İlkin versiyalara görə, müxalifət liderinin müxtəlif səbəblərlə həbsdə saxlanılması hazırkı mitinqlərə qoşulmasının qarşısını almaq məqsədi güdür. Hazırda da prosesə liderlik edən yoxdur.

Maraqlıdır, Navalnı və digər liderlərin həbsdə olduğu bir vəziyyətdə icazə verilməyən mitinqlər xaotik vəziyyət yarada bilərə

Politoloq Məhəmməd Əsədullazadə “Cümhuriyət” qəzetinə açıqlamasında mitinqlərin tezliklə nəticə verəcəyini deyib:

“Moskvada baş verən etirazlar sistemdən kənar müxalifətin etirazlarını və bu ölkə miqyasında, baş yeni siyasi strategiyanın başlaması deməkdir. Navalnının həbsdə olmasına baxmayaraq mitinqləri idarə edən yetərincə təşkilatçı var və bu etirazlar fonunda Kremlin əsas strategiyası dəyişə bilər. Çünki 2024-cü ildə Putin hakimiyyətdən getməklə, özünə varis təyin edəcək. Hesab edirəm ki, bu etirazlar böyük miqyasda baş versə, Putin daha tez siyasi gedişlərə gedə bilər. Qeyd edim ki, bu etirazlar Moskvada siyasi müxalifətin inkişafına və Putinin bundan sonrakı siyasətinə əngəl ola biləcək gücə çevrilir. Artıq müxalifət öz hədəfinə çatıb-Kremli ciddi narahat edən bir siyasi təşkilata çevirib. Baxmayaraq ki, mitinqlərin əsas lideri Navalnı həbsdədir. Amma mitinqlərin xaosa getməsi gözlənilmir. Ona görə Navalnı həbs olundu ki, etirazçılar başsız qalsın və anarxiyaya getsin. Bu da Kremlin siyasətidir. Amma böyük etirazçı gənclik buna getmədi, daha praqmatik və siyasi tələblərlə öz gündəliklərini inkişaf etdirdilər.Təbii ki, mitinqlərdə təxribatçılar olacaq, hakimiyyət onların vasitəsilə mitinqə güc tətbiq edəcək. Amma bu, onları öz tələblərindən geri çəkməyəcək. Bir sözlə, Putin üçün gərgin siyasi günlər qarşıdadır”.

Vilayət Muxtar
Cebhe.info

  17.08.2019 14:00    |      4731