Rusiyanın Avropaya yolunu bağlayacaq<span style=color:#e74c3c> PLAN</span>

Rusiyanın Avropaya yolunu bağlayacaq PLAN

A + A -

Rusiyanın “Şimal axını-2” layihəsini iflasa uğratmağa çalışan ABŞ ona alternativ olaraq “EastMed” (Eastern Mediterranean Pipeline Projest) kəmərini təklif edir.

Layihə Afinada nazirlərin iclasında müzakirəyə çıxarılıb. İclasda ABŞ dövlət katibinin enerji resurslarından istifadəyə dair köməkçisi Frensis Fennon da iştirak edib. Kəmərin Şərqi Aralıq dənizindən keçərək İtaliyaya uzanması nəzərdə tutulur.

Xatırladaq ki, bundan əvvəl “Şimal axını-2”-yə qarşı digər təkliflər də irəli sürülüb. ABŞ öz sıxılmış qazının Avropa Birliyi ölkələrinə təklif edib. Ancaq Avropada hesab edirlər ki, bu, Rusiyadan nəql olunacaq qaza nisbətən daha baha başa gələcək.

Qeyd edək ki, Rusiya "Şimal axını-2” layihəsinin bu ilin sonuna, ən geci 2020-ci ilə qədər reallaşacağını nəzərdə tutur. Ümumiyyətlə "Qazprom”-un bu layihəsinin realaşması istiqamətində işlər 2011-ci ildən başlanıb. "Şimal axını-2” Rusiya qazının Baltik dənizinin altı ilə Almaniyaya qədər çatdırılmasını nəzərdə tutur. Reallaşacağı təqdirdə Rusiya, Finlandiya, İsveç, Danimarka və Almaniyanın xüsusi iqtisadi zonalarından və ərazi sularından keçəcək kəmərin uzunluğu 1,2 min km., ötürücü qabiliyyəti ildə 55 mlrd. kubmetr olacaq. Layihənin dəyəri 9,5 mlrd. avro həcmində qiymətləndirilir. Amma, Avropada “Şimal axını-2” layihəsinin reallaşmasına şübhə ilə yanaşılır. Eləcə də bu layihə siyasi qalmaqalların predmetinə çevirildiyinə görə, kəmərin təhlükəsizliyi məsələsi ortaya çıxır. Hətta Avropa Parlamenti də layihəyə qarşı çıxaraq, onu “Avropa enerji təhlükəsizliyinə təhdid yaradan siyasi bir layihə” adlandırıb və həmin qaz kəmərinin tikintisini dayandırmağa çağrışlar edib.

Onu da əlavə edək ki, bundan əvvəl ABŞ Türkmənistan qazının Azərbaycan üzərindən Avropaya çatdırılmasını nəzərdə tutan “Transxəzər” kəmər layihəsini “Şimal axını-2”-yə alternativ variantlardan biri kimi göstərib. Bu ölkəmizə böyük iqtisadi dividentlər vəd etsə də, reallaşması mümkün hesab olunmur. Hələ ki, “Transxəzər” qaz kəməri layihəsinin qısa bir zamanda realaşacağı gözlənilmir. İkinci tərəfdən isə hesab olunur ki, bu layihədən Rusiya qazına alternetiv olaraq istifadə olunması Azərbaycanın təhlükəsizliyinə zərbə vura bilər. Digər variantların axtarılması ABŞ bu layihənin üzərində dayanmadığını deməyə əsas verə bilər.

Bəs, ABŞ-ın digər layihələrinin reallaşması mümkündürmüə Nəzərdə tutulan kəmər çəkilərsə, bu Rusiya qazına alternativ ola bilərmiə

“Neft Araşdırmaları” Mərkəzinin rəhbəri İlham Şaban “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, bu layihə reallaşarsa, özünü doğrulda bilər: “Bu layihə 2012-ci ildən gündəmdədir. Doğrudur, adı belə deyildi, amma İsrail şelfində tapılan qazın Avropaya nəqlinin mümkün variant kimi bu marşrut göstərilirdi. İndi də gündəmdədir. ABŞ da bunu dəstəkləyir. Necə ki, “Transxəzər” qaz boru kəmərini dəstəkləyir, amma bu layihə hələ də reallaşmır. Bu da onun kimi bir layihədir”.

Ekspert ABŞ-dan sıxılmış qaz idxalının da gələcəkdə Avropa ölkələrinin maraqlarına cavab verə biləcəyini deyir. Onun sözlərinə görə, BP-nin hesablamalarına görə, 2030-cu ildə dünya bazarında sıxılmış qaz ticarətinin həcmləri boru kəməri ticarəti ilə bərabərləşəcək. 2035-ci ildən sıxılmış qaz ticarəti artıq boru kəməri ilə satılmış qaz ticarətini üstələyəcək: “Çünki onun maya dəyəri azalacaq. Uzunmüddətli perspektiv üçün sıxılmış qazın perspektivləri daha da yaxşılaşır”.

Ekspert qeyd edir ki, Avropa birjalarında sıxılmış qaz 80 dollara qədər ucuzlaşıb.

Bu artıq maye qazın qiymətindən ucuzdur.

Xatirə Nəsirova

Cebhe.info

  10.08.2019 21:00    |      3796