10 gündən sonra ucuzlaşma gözləntisi: <span style=color:#ff0000>“Bazara bol məhsul çıxarılacaq”</span>

10 gündən sonra ucuzlaşma gözləntisi: “Bazara bol məhsul çıxarılacaq”

A + A -

Dünyanı cənginə alan Covid-19 epidemiyasının Azərbaycanda da yayılması sosial izolyasiyaya gətirib çıxarır.

Artıq əksər dövlət müəssisələrində işlər dayandırılıb. Özəl müəssisələrin bəziləri isə onlayn iş rejiminə keçiblər. Yəni çoxluq “evdə qal” kampaniyasına dəstək verir. Belə olan halda isə hamı bayıra çox çıxmamaq üçün ehtiyat ərzaq almağa çalışır.

Maraqlıdır, bu vəziyyət aprel ayında ərzağın və ətin bahalaşmasına səbəb ola bilər?

Kənd Təsərrüfatı məsələləri üzrə ekspert Nicat Nəsirli Cebhe.info-ya verdiyi açıqlamada son vaxtlar pərakəndə və topdansatış məntəqələrində daha çox uzun müddət saxlanıla biləcək məhsulların alındığını bildirib:

“Amma artıq mart ayı qış mövsümünün sonudur və aprel ayından yeni təsərrüfat mövsümü başlayır. Aprel ayının ilk 10 günündə biz tərəvəz məhsullarının bazara çıxmasının şahidi olacağıq. Hətta mənim proqnozuma görə, builki faraş məhsullar, yəni əsas kənd təsərrüfatı məhsulları- xiyar, pomidor, kartof üzrə qiymətlər digər illərdən daha əlverişli olacaq. Çünki koronavirus təhlükəsi ilə əlaqədar artıq xarici bazarlara aparmaq əlverişli olmayacaq. Nəticədə aprel ayının birinci yarısından qiymətləri ilə insanları narahat edən məhsulların qiymətlərində yumşalmalar müşahidə edəcəyik. Bəxtimiz onda gətirib ki, bu gərginlik belə bir dövrə təsadüf edib, əgər burada qiymət artımı varsa, onun süni səbəbləri araşdırılmalıdır”.

Nicat Nəsirli bu il mövsümün torpaq-iqlim şəraitinə görə daha da tezləşəcəyini diqqətə çatdırıb:

“Azərbaycanda qış mövsümü o qədər sərt olmayıb ki, istehsalda fasilə yarandığını düşünək, yaxud da təbiətlə bağlı qeyri-adi bir hadisə baş verməyib. Adətən aprel ayının sonu yeni mövsümə start verilirdi, amma bu il iqlim şəraiti ilə bağlı olaraq yəqin ki, aprel ayının əvvəli faraş məhsullar bazara çıxacaq. Biz faraş məhsul istehsal edən rayonlarımızda da müşahidə aparmışıq və bu müşahidələr istehsal həcminin keçən ilkindən az olmayacağını deməyə əsas verir, əksinə bu il fermerlərimiz daha çox faraş tərəvəzçiliyə istiqamətləniblər, çünki o, tez yetişir və daha çox gəlir gətirir”.

Ət qiymətlərinə gəldikdə isə ekspert stabilliyin yaranacağını vurğulayıb:

“Artıq fevral ayının sonundan bizim əsas heyvandarlıq rayonlarımızda açıq sahədə otarma şəraitinə keçilir. Bu il örüş-otlaq sahələrində kifayət qədər ot örtüyü olmadığından, həm də psixoloji gərginliklə əlaqədar yem qiyməti kifayət qədər bahalaşdı. Amma fevral ayından etibarən heyvandarlığın yarımqapalı stasionar vəziyyətə keçməsi, fermerlərin xərclərinin azalmasına imkan verib. Bundan sonrakı dövrdə ətin qiymətinin ucuzlaşacağını demək istəmirəm. Qırmızı ətin Azərbaycanda ucuzlaşması üçün iqtisadi amillər yalnız torpaq iqlim şəraiti ilə bağlı deyil, ucuzlaşma üçün digər faktorlar da tələb olunur. Nəzərə alsaq ki, havalar istiləşir, insanların istehlakında qırmızı ət azalacaq. Həmçinin insanlar sosial izolyasiya şəraitində yaşayırlar, onlar artıq çəki yığmaqdan ehtiyat edir, buna görə də kalori yaradan məhsullardan imtina edəcəklər. Nəticədə ətin qiymətində stabillik yaranacaq”.

Səyad Həsənli
Cebhe.info

  29.03.2020 14:30    |      8856