Ağ Evdən Türkiyəyə ikinci jest -<span style=color:#ff0000> ŞƏRH</span>

Ağ Evdən Türkiyəyə ikinci jest - ŞƏRH

A + A -

Məhəmməd Əsədullazdə: “Ankara və Vaşinqton Bəşər Əsəd hakimiyyətinin devrilməsi istiqamətində danışıqlar aparacaq”

ABŞ Suriyanın müdafiə naziri Əli Abdulla Əyyuba qarşı sanksiyalar tətbiq edib. Cebhe.info-nun məlumatına görə, ABŞ-ın dövlət katibi Mayk Pompeo belə bir açıqlama ilə çıxış edib.

“Dövlət Departamenti, Suriyanın şimalında atəşkəs rejiminin qorunmasının qarşısını almaq üçün 2019-cu ilin dekabr ayından bəri qəsdən etdiyi bir sıra hərəkətlərinə görə Suriyanın Müdafiə naziri general-leytenant Əli Abdullah Əyyuba qarşı sanksiyalar tətbiq edir.

Sanksiyaların bir hissəsi olaraq, Əyyubun ABŞ-dakı bütün mülkiyyəti bağlanır. Əyyubun ABŞ-ın maliyyə sisteminə girişi rədd edilir. Onun adı SDN siyahısında yer alır (ABŞ-ın “qara siyahısı”) - deyə ABŞ Dövlət Departamenti bildirib.

Qeyd edək ki, bu qərardan bir gün öncə, yəni martın 18-də Mayk Pompeo Rusiyanı Suriyadakı onlarla türk əsgərlərini öldürməkdə ittiham edən açıqlama ilə çıxış edib. “Biz hesab edirik ki, Rusiya onlarla türk hərbçisini Suriyada hərbi əməliyyatda öldürüb. Biz müttəfiqimiz kimi Türkiyəni dəstəkləyirik”- deyə Mayk Pompeo bildirib.

Mayk Pompeonun son açıqlamaları rəsmi Vaşinqtonun Suriya münaqişəsinə münasibətdə yeni mövqe sərgilədiyini göstərir. Bu dəyişiklik Bəşər Əsəd rejimi ilə yanaşı, onun müttəfiqləri olan Rusiya və İranın da bölgədəki siyasətinə qarşı yönəlib.

ABŞ 2018-ci ilin aprel ayında Suriyanın Əş-Şayrat hərbi hava bazasına raket zərbələri endirsə də Bəşər Əsəd hakimiyyətinə qarşı sərt tədbirlər görməkdə maraqlı olmayıb. Həmin dövrdə ABŞ üçün Suriyada əsas prioritet məsələni İŞİD terror təşkilatına qarşı mübarizə təşkil edirdi. Hətta Rusiyanın, Türkiyənin və müəyyən məqamlarda İranın İŞİD-də qarşı həyata keçirdiyi hərbi əməliyyatlar ABŞ-ın maraqlarına cavab verirdi.

Lakin son zamanlar Türkiyənin Əsəd rejiminin Rusiyanın və İranın dəstəyi ilə İdlibdə həyata keçirdiyi hərbi əməliyyatların qarşısını almaq cəhdləri bölgədəki geosiyasi düzəni dəyişib. İdlibdəki hərbi qarşıdurmadan sonra demək olar ki, Rusiya-Türkiyə-İran formatı dağılıb. Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin martın 5-də İdlibdə atəşkəsin elan edilməsi və sabitilyin təmin olunmasına dair razılaşma imzalasa da döyüşlərin yenidən başlaması riski yüksək olaraq qalır. Bu isə rəsmi Ankaranı Vaşinqtonla xeyli yaxınlaşdırıb. ABŞ Türkiyəyə dəstək verəcəyini bəyan etsməsinə baxmayaraq, Suriyadakı münaqişəyə hərbi müdaxilə etmək istəmədiyini bildirib. Dövlət Departamentinin Suriyanın müdafiə naziri ilə bağlı qərarı ABŞ-ın Türkiyəyə dəstəyini Əsəd rejiminə sanksiyalar tətbiq etməklə göstərmək planından xəbər verir.

Cənubi Qafqaz Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Məhəmməd Əsədullazadə hesab edir ki, ABŞ-ın Əli Abdulla Əyyuba qarşı sanksiyaların tətbiq edilməsi və Mayk Pompeonun Rusiyanı ittiham etməsi Suriya böhranının başladığı dövrdən sonra yeni tamamilə mərhələyə daxil olmasından xəbər verir.

“İdlib problemi ilə bağlı Türkiyə və Rusiya arasında konfidensial razılıqlar var. Lakin həmin bölgədə böhranın dərinləşməsi davam edir. ABŞ Suriya prosesində Türkiyəni öz tərəfinə çəkməyə çalışır. Suriyanın müdafiə nazirinə sanksiya tətbiq etməklə ABŞ həm Rusiyaya ciddi mesajlar vermə, həm də Türkiyəni öz tərəfinə çəkməyə çalışır. Çünki Rusiya və Türkiyə arasındakı əməkdaşlıq atmosferi perspektiv baxımından uzunmüddətli deyil. Bu prosesdə ABŞ-ın və Türkiyənin rolu daha qabarıq görünəcək. Ona görə də Amerika Suriya hakimiyyətinə sanksiyalar tətbiq etməklə və Rusiyanı qınamaqla Türkiyənin yanında olduğunu nümayiş etdirməyə çalışır. M4 və M5 magistral yolları ilə bağlı Türkiyə ilə Rusiya arasında imzalanmış sənədə uyğun olaraq, tərəflərin birgə patrul xidməti həyata keçirməsinə baxmayaraq, atəşkəs müqaviləsi kövrəkdir. Ona görə də istənilən fərqli situasiyada pozulacaq. Dövlət Katibi Mayk Pompeonun 34 türk hərbçinin öldürülməsinə görə Rusiyanı ittiham etməsi, ABŞ-ın Suriyadakı proseslərdə geri atmadığını və Türkiyəni dəstəklədiyini göstərir. Mövcud vəziyyətdən də aydın olur ki, ABŞ Türkiyənin yardımı olmadan Suriyada nailiyyət əldə edə bilmədi. Təəssüf ki, Amerika rəsmiləri bunu görməzdən gəldilər. Amma Rusiya bölgədə üstünlüyü ələ alması ilk mərhələdə Türkiyənin mövqelərini gücləndirdi. Lakin sonradan Moskvanın Astana və Soçi razılaşmalarının şərtlərinə əməl etməməsi Türkiyəni Suriyada görməməkk istəyindən irəli gəlirdi. Nəticədə, Rusiya Türkiyənin iştirakı olmadan Suriyada fəaliyyət göstərməyin çətin olduğunu anladı. Rusiya Türkiyə ilə hesablaşmalı oldu. Eyni zamanda, ABŞ da anlayır ki, Türkiyəsiz Suriyada öz mövqelərini gücləndirə bilməyəcək. Ona görə də Ankara ilə Vaşinqton arasında ciddi diplomatik danışıqlar gedir. Müzakirələr ictimaiyyətə açılanmasa da Rusiya ilə əməkdaşlığın uzunmüddətli olmayacağını Ankarada anlayırlar. Rusiya imzaladığı razılaşmalara əməl etmədiyi üçün yenidən Türkiyənin üzərinə gedə bilər. Ona görə də hesab edirəm ki, Vaşinqtondan Türkiyəni dəstəkləyən bəyanatların səslənməsi və Suriyanın müdafiə nazirinin sanksiyaya məruz qalması tərəflər arasındakı danışıqlarda razılaşdırılıb. ABŞ-ın sanksiyaları Əsəd rejiminə ABŞ-ın münasibətinin dəyişdiyini nümayiş etdirir. Əgər əvvəllər ABŞ Əsəd rejiminə biganə yanaşırdısa, indi onun hakimiyyətdə qalmasını istəmir. Bu səbəbdən, sanksiyalar genişləndirilə bilər və digər Suriya rəsmilərinə də tətbiq olunacağı istisna edilmir. ABŞ-ın bu addımı Türkiyənin maraqlarına uyğundur. Bir müddətdən sonra ABŞ və Türkiyə Suriya məsələsində birgə hərəkət edəcək, siasi əməkdaşlıq edəcək. Təbii ki, bu əməkdaşlıq Rusiya-Türkiyə münasibətlərinə mənfi təsir göstərəcək. Əgər Trükiyə “Həyat Təhrir əş-Şəm” terror qruplaşmasının İdçbdən çıxmasına nail ola bilsə, danışıqlar masasında öz sözünü deyəcək və kompromisə getməyəcək. Lakin hazırda “Həyat Təhrir əş-Şəm” terrorçularının İdlibdə qalması Türkiyənin mövqelərinə mənfi təsir göstərir. Rusiya da həmin qruplaşmanın zərəsizləşdirilməsini tələb edir. Göründüyü kimi, Suriya böhranının həllində yeni mərhələ başlanır və bundan sonra Ankara və Vaşinqton Bəşər Əsəd hakimiyyətinin devrilməsi istiqamətində danışıqlar aparacaq”.

Müşfiq Abdulla
Cebhe.info

  19.03.2020 15:20    |      22012