Dəlisov sevgi, toydan sonra peşmanlıq və ömürlük qorxu: <span style=color:#ff0000>Məşhur yazıçının ilginc evlilik hekayəsi</span>

Dəlisov sevgi, toydan sonra peşmanlıq və ömürlük qorxu: Məşhur yazıçının ilginc evlilik hekayəsi

A + A -

Rus ədəbiyyatının mükəmməl bilicisi, Oksford Universitetinin professoru Andrey Zorin klassik rus ədəbiyyatının görkəmli nümayəndəsi Lev Tolstoyun qısa bioqrafiyasını nəşr etdirib.

Zorinin məqsədi oxuculara Tolstoyun həyat və yaradıcılığını təqdim etmək olmayıb. O, bu nəşrdə sovet ənənəsinə sadiq qalaraq rəssamTolstoyu mütəfəkkir Tolstoyla qarşı - qarşıya qoymayaraq belə bir nəşrə nail olub.Tolstoyun vegeterianlığı, dini baxışları və digər məsələlərə şəxsi prizmasından yanaşması onun bütün əsərlərində öz əksini tapır.

Erkən evlilik arzusu

Zorinin bu kitabı "Lev Tolstoyun həyatı : qiraət təcrübəsi" adı ilə nəşr edilib. Cebhe.info sözügedən kitabdan Lev Tolstoyun Sofya Berslə evlənməsindən bəhs edən hissələri təqdim edir.
Lev Tolstoy çox erkən, 20 yaşına yeni qədəm qoyan kimi ailə qurmaq haqqında düşünmüşdü. Hələ 1851-ci ildə o, gündəliyində yazırdı ki, Moskvaya 3 məqsədlə gəlib : 1. Oynamaq 2. Evlənmək 3. Yer qazanmaq. O, bunlardan yalnız birincisinə nail oldu. Qardaşının ağıllı məsləhətlərinə qulaq asan Tolstoy planlarını müvəqqəti olaraq dayandırmağa qərar verdi. 8 il sonra, 1859-cu il yanvarın 1-də Tolstoy belə bir nəticəyə gəlir ki, mütləq evlənməlidir, ya bu il, ya da heç vaxt. Gündəliyində və məktublarında onlarla gənc qadının adı xatırlanır, onların hər biri Tolstoya gəlin kimi yaraşırdı. Lakin o, heç birinə tərəf bir addım belə atmamışdı. Yalnız bir dəfə 1856-cı ildə Valeriya Arsenevaya ürəyini açmışdı. Bu qərarı vermək Tolstoya çətin idi. Gündəliyində də özünə suallar verirdi, o, Valeriyanı doğrudanmı sevir. Yaxşı arvad olmaq üçün necə geyinməyi, özünü necə aparmağı izah edən məktublar yazaraq Valeriyaya göndərirdi.

Onların söhbətləri də bu mövzuda olurdu. Bu özünəməxsus hərəkəti Tolstoyun evlənməsinə mane oldu və o, Valeriyadan ayrıldı. 1857-ci ildə o, qəfildən xaricə gedir və oradan Valeriyaya formal üzrxahlıq edən məktub göndərir. 2 il sonra isə Valeriya obrazı onun "Ailə xoşbəxtliyi" romanında canlanır. Romanda onunla alınmayan ailə həyatı təsvir edilib. 1860-cı illərin əvvəllərində Tolstoy "Tərbiyə və təhsil" məqaləsində yazırdı : "İnsanlar tərəfindən qəbul edilmiş tərbiyə metodu bəhrəsiz, qanunsuz və qeyri-mümkündür. Tərbiyə qaydası yoxdur, mən onun gənc nəslə tətbiqini qəbul etmirəm və heç bir vaxt da qəbul etməyəcəyəm".

Tolstoy tərbiyələndirmə tətbiqini Valeriyaya qarşı etdi və bir nəticəsi olmadı. Maraqlı bu idi ki, Tolstoy üçün ailə iki yad insanın ittifaqı deyildi, hər ikisi eyni xasiyyətdə şəxsiyyət olmalıydı. O, bunu "Anna Karenina" əsərində də qələmə almışdı. "Anna Karenina" nın qəhrəmanı Levin evləndikdən sonra təəccüblə müşahidə edir ki, arvadı ona o qədər yaxındır ki, sanki bir-birinin əksidirlər. Tolstoyun nikah haqqında düşüncələri bax belə kompromissiz idi. Fərq onda idi ki, Tolstoy başa düşürdü ki, həyat yoldaşı seçərkən bir dəfə səhv etsə, buna növbəti dəfə cəhd göstərməyəcək.

"Anna Karenina"nın qəhrəmanı Levin öz gələcək həyat yoldaşına aşiq olmamışdan əvvəl o qızın böyüdüyü evə tez- tez qonaq gəldiyindən, həmin ailəyə vurulmuşdu. Xüsusilə də o evin qadınlarını sevmişdi, ümumilikdə Şerbatski ailəsini sevmişdi, bu ailənin qayda-qanunları onun xoşuna gəlmişdi. Levin özü anasını xatırlamırdı, yeganə bacısı isə ondan böyük idi. Ona görə də, Levin birinci dəfə idi arzusunda olduğu ailə ortamını Şerbatskilərin timsalında görürdü : təhsilli və vicdanlı köhnə dvoryan ailəsi. Ata-anasının vaxtsız ölümü Levini bütün bunlardan məhrum etmişdi. Levin Şerbatskilər ailəsində çatışmazlıq görmürdü. Ailənin 2 böyük qızı artıq ailə qurmuşdu. " Anna Karenina " əsərində qələmə aldığı bütün bunlar Tolstoyun özünün yaşadığı faktlara söykənirdi. Belə ki, Tolstoy həkim Andrey Yevstavyeviç Bersin evində tez-tez qonaq olduğundan orada xoşbəxt ailə həyatı görürdü, özü isə uşaqlığından bu xoşbəxtlikdən məhrum idi. Bu ailə ilə Tolstoyun uşaqlıq xatirələri də dirçəlirdi. Onlara tez-tez gələn Bersin arvadını on yaşlı Lev bir dəfə qısqanclığından eyvandan yıxmışdı. Tolstoy bir dəfə bacısına demişdi ki, nə vaxtsa evlənmək istəsə, o qız mütləq Berslər ailəsindən olacaq.

Sevgisindən qorxan adam

Şerbatskilərdə olduğu kimi, Bers ailəsinin də üç qızı var idi. Tolstoy bu qızlarla vaxt keçirməyi çox sevirdi, çünki qızların ədəbiyyata sonsuz marağı var idi. Tolstoyu isə öz aralarında "qraf" adlandırır və onunla fəxr edirdilər. Levindən fərqli olaraq, Tolstoy məşhur yazıçı idi. Köhnə rus ailələrində qızları yaşa görə ərə verirdilər. Berslər Tolstoyun fikrindən duyuq düşəndə onlar əmin oldular ki, Tolstoyu Liza maraqlandırır. Çünki Liza evin böyük qızı idi. Çox ciddi qız olan Liza o biri bacılarından daha çox həyat yoldaşı və ev sahibəsi olmağa hazır idi. Düzdür, Tolstoy Liza ilə maraqlanırdı. Amma 1861-ci ilin sentyabrında o, gündəliyində belə yazmışdı : "Liza Bers məni cəzb edir, amma bu olmayacaq. Çünki hislər o hislər deyil". Növbəti il, yəni 1862-ci ildə hər şey tam tərsinə oldu. Samara şəhər quberniyasına gedəndə Tolstoy yolüstü Moskvada dayandı və bir günlük Berslər ailəsində qalmağı qərara aldı. O, gedəndən sonra isə evin kiçik qızı Tanya bacısı evin ortancıl qızı olan Sonyanı gözüyaşlı görüb təəccüblə ondan soruşmuşdu :

-Sən qrafa vurulmusan?

Sonya:

- "Mən bilmirəm", - deyə cavab vermişdi.

"Onun iki qardaşı vərəm xəstəliyindən ölüb", - deyərək əlavə etmişdi.

Sonya həmin ərəfələrdə artıq öz qəlbini tələbə Mitrofan Polivanovla bağlamışdı. 15 yaşlı Tanya bacısının Tolstoya qarşı olan sevgisini öyrənəndə çox sarsılmışdı, bu ikili hissi anlaya bilmirdi. Tolstoy Samaradan qayıdanda yenə Berslər ailəsinə gəldi. Berslər həmin vaxt Pokrovski kəndindəki bağ evində idilər və burada Tolstoy ilk dəfə Sonyaya bir qız kimi deyil, cazibədar gənc qadın kimi diqqət yetirdi... Avqustun axırında isə Moskvaya gələndə, Tolstoy özünə adəti üzrə bu sualı verirdi : "Duyduğum bu hislər doğrudanmı, əsl məhəbbətdir?" Gecəni Berslərin evində keçirən Tolstoy hey düşünürdü : "Mən özüm özümdən qorxuram. Axı o, hələ uşaqdır".

“Anna Karenina” necə yarandı?

Təlatümlü və hadisələrin sürətlə axıb getdiyi "Anna Karenina" romanında 34 yaşlı kişi və 18 yaşlı qız arasında olan sevgi münasibəti, şübhəsiz ki, Sonyaya məxsus idi...
Sonya bütün yayı ailədə baş verən çətin situasiya ilə bağlı povest yazdı. Povestin iki qəhrəmanı var idi. Onlardan biri knyaz Dublitskiy idi. O, ağıllı və enerjili, orta yaşlı, yaraşıqlı bir kişi idi. Digər qəhrəman isə "böyük ideyalı" gənc Smirnov idi. Əsərin baş qəhrəmanı isə iki bacısı olan Yelena iri qaragözlü gözəl bir qızdı : böyük bacısı Zinaida Dublitskiyə aşiq idi, digər bacısı çox şən bir qız olan 15 yaşlı Nataşadır. Yelenaya aşiq olan Smirnov ona evlənmək təklifi etdi, lakin Yelenanın valideynləri buna narazılıqlarını bildirdilər. Hesab etdilər ki, evlənmək üçün hər ikisi hələ çox gəncdir. Gözlənilmədən Yelena hiss etdi ki, o, artıq Dublitskini sevir, özünü həm bacısı Zinaidanın, həm də onu sevən Smirnovun qarşısında günahkar hesab etdi. Özü ilə mübarizə aparan Yelena hansısa bir məqamda, hətta monastıra da getmək istədi, sonralar isə Dublitski ilə Zinaidanın nikahına nail oldu, özü isə Smirnova ərə getdi.

Dəlicəsinə sevmək

26 avqustda Sonya povesti oxumaq üçün Tolstoya verir, bu, əslində, daha güclü bir "gediş" idi. Məşhur yazıçı isə həmişə olduğu kimi fikirləşirdi ki, o, sevilməyə layiqdirmi, buna görə özünü hər zaman həyəcanlı hiss edirdi. Tolstoy povesti oxuyur və arxayın olub sakitləşir ki, bu onun haqqında yazılmış povest deyil. Cavab əvəzi olaraq Tolstoy Sonyaya məktub yazaraq izah edir və bildirir ki, o, Lizanı əslində, sevmir və heç bir vaxt da onunla evlənmək fikrində olmayıb. Sözləri Sonyaya başa salmaq üçün hər bir sözün baş hərfini böyük hərflə yazır. Belə bir epizod "Anna Karenina" əsərində də var. Levin də belə bir şifrəli formada sevdiyi qadına məktub yazır. Tolstoyun artan ehtirası. Getdikcə Tolstoyun Sonyaya olan ehtirası artırdı.

Gündəliyində də yazdıqlarından bunu hiss etmək olurdu : "O, həm zərif, həm də nazlı-qəmzəlidir. Onun olduğu yerdə gənclik də var, poeziya da, gözəllik və məhəbbət də"...

3 gün sonra o, Berslər ailəsindən gedir. İndi o, həmişəkindən daha çox sevirdi, daha çox aşiq olmuşdu. O istəyirdi ki, hər şeyi Tanyaya danışsın, amma qərarsız idi. Bu ərəfədə Lizadan başqa bütün ailə nə baş verdiyini bilirdi. Tolstoy isə həmin vaxt gündəliyində yazırdı : "Mən artıq Lizaya nifrət etməyə başlamışam, Allahım, mənə kömək et, məni öyrət! Mən inanmırdım ki, belə sevə bilərəm, bu, belə davam edə bilməz, mən artıq dəli oluram. O, çox gözəldir. Mən artıq dayana bilmirəm. Mən elə bu dəqiqə onlara gedib hamının qarşısında hər şeyi danışmaq istəyirəm.

Allahım, mənə kömək ol!"

Sentyabrın 13-də Tolstoy yenidən Berslərin evinə gəlir və yenə də hər şeyi danışmaq üçün özündə cəsarət tapmır. Səhərisi gün qərara alır ki, hər şeyi yazıb Sonyaya məktub vasitəsilə göndərsin. Məktubda onunla evlənmək təklifini yazır və xahiş edir ki, cavab yazanda tələsməsin. Tolstoy qorxurdu ki, Sonyadan "rədd" cavabı alar və yaxud da onu onun qədər sevməyə bilər, amma bütün bunlara baxmayaraq bu cavablara dözməyə özündə güc tapmağa hazır idi. Bu məktubu o, 2 gün cibində saxladı, amma təqdim etməyə özünü məcbur edə bilmədi.
Qərarsızlığın səbəbi utancaqlıq və özünə inamsızlıq idi. O əmin idi ki, onun gələcək ailə xoşbəxtliyi düzgün seçimindən, Sonyaya olan sevgi və sadiqliyindən asılıdır. O, olumla ölüm arasında qalmışdı. Hansısa bir məqamda daha bir məktub yazdı və bütün ümidlərinə son qoymaq və özünü Berslər ailəsinə getməyə qadağa qoydu : "Mən istəyirəm, mən tələb edirəm ki, məni mən sevdiyim kimi sevsinlər, bu isə mümkün deyil. Xoşbəxtlik də mümkün deyil. Tanrım, özün mənə kömək ol!"

Tolstoy gündəliyində bu sözləri yazandan sonra öz məhəbbəti haqqında yazmağa son qoydu. Sentyabrın 16-da Berslərin qonaq otağında Tolstoy royalda gözəl soprano səsi olan Tanyanı müşayiət edirdi. Kənarda əyləşib və bundan hiddətlənən Sonya və Lizanın hərəkətləri nəzəri cəlb edirdi. Həmişə insanlara inanan Tolstoy həmin anda fikirləşdi ki, əgər Tanya finalda çətin yüksək notu götürüb oxuya bilsə, məktubu Sonyaya verəcək. Belə də oldu, Tanya gördü ki, Sonya əlində məktub otaqdan qaçaraq çıxdı. Liza isə əminsizliklə onun arxasınca getdi. Tanya qızların yataq otağına tərəf qaçdı və eşitdi ki, Liza qışqıraraq o məktubda nə yazıldığını Sonyadan soruşurdu. Sonya isə sakitcə cavab verdi : "O, mənə evlənmək təklif edib".

Liza ona qışqırırdı : "Sən ona bu dəqiqə rədd cavabı verməlisən!" Ana otağa daxil oldu və Lizanı sakitləşdirməyə çalışdı. Sonyaya isə dedi ki, Tolstoya tez cavab versin. Sonya qonaq otağına gedərək Tolstoya "hə" cavabı verdi. Sonralar Sonya etiraf edirdi ki, məktubu axıra qədər oxumamışdı, yalnız "Mənim həyat yoldaşım olmaq istəyirsənmi?" cümləsini oxuyub "hə" cavabı vermişdi.

Səhərisi gün sevgilisi Polivanova etiraf etdi ki, ona yalnız bir nəfərlə - Lev Nikolayeviçlə xəyanət edə bilər.


Toydan sonrakı qorxu

Toya hazırlıq 2 aya yaxın vaxt tələb edirdi. Tolstoy isə səbirsizlənirdi, toyun tez olmağını istəyirdi. Çünki o, alovlu ehtirasla sevirdi. O, bu ehtirasın soyuyacağından qorxurdu və tələsirdi ki, evlənsin. Bütün bu səbirsizliklərə baxmayaraq o, Sonyanı çətin sınaqdan keçirmək istədi - gündəliyini oxumaq üçün Sonyaya verdi... Tolstoy bütün qayda-qanunları pozaraq toy günü Sonyanın yanına gəldi. Soruşdu ki, ona ərə getmək istədiyinə əmindirmi? 1862-ci ilin sentyabrın 23-də toy oldu, bir həftə sonra isə Berslər yaşayan yerdə Kremldəki Rojdestvo Boqoroditsa kilsəsində gənclər nikah kəsdirdi. Sonya çox keçmədən hamilə qaldı və 1863-cü il iyunun 28-də ilk oğlu Serqey, 1864-cü ildə Tatyana, 1866-cı ildə İlya və 1869-cu ildə Lev dünyaya gəldi.

Evliliyin ilk gecəsi Tolstoy pis yuxu görmüşdü və səhər oyanıb gündəlikdə bu kəlmələri yazmışdı : "O deyil". Bir ay sonra əmin oldu ki, əslində arzusunda olduğu qadınla evlənməyib. Tolstoy gördüyü yuxunu zarafatyana məktubda Tanyaya yazıb göndərdi. Qeyd etdi ki, yuxuda Sonya çini gəlinciyə dönüb...

Qaçılmaz problemlər qarşılıqlı qısqanclıqlara gətirib çıxarırdı. Gündəliyini oxuduqdan bəri Tolstoyun həyatını dərindən tanıyan Sonya hər an onun keçmişdə sevdiyi qadınların yanına qayıtmasından ehtiyat edirdi. Tolstoy Sonyanın ona inamsızlığından şübhələnirdi və hər zaman həyat yoldaşının ona qarşı olan hislərinin soyuyacağından qorxurdu. ..

Sevinc Şahmuradova
Cebhe.info

  24.02.2020 12:00    |      2564