Düşmənə qarşı vahid cəbhə: <span style=color:#ff0000>Türkiyə-Azərbaycan hərbi ittifaqının zərurəti - Ehtiyatda olan zabit yazır...</span>

Düşmənə qarşı vahid cəbhə: Türkiyə-Azərbaycan hərbi ittifaqının zərurəti - Ehtiyatda olan zabit yazır...

A + A -

Türkiyə-Azərbaycan arasında hərbi əməkdaşlığın inkişaf etdirilməsi müharibə şəraitində olan Azərbaycan ücün günün vacib tələbidir.

Azərbaycanla qardaş Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, illik plana uyğun olaraq iyulun 29-dan avqustun 10-dək ölkəmizdə hər iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki uçuş təlimləri keçirilib.

Ölkəmiz müstəqillik qazandıqdan sonra Türkiyə dövləti Azərbaycan Silahlı Qüvvələrinin yenidən qurulmasına və formalaşmasına daim yardım göstərib. O zaman yenidən qurulan Azərbaycan Ordusunda kadr çatışmazlığı hökm sürürdü. Bu çətin və məsuliyyətli dövrdə Türkiyə dövləti Azərbaycana dəstək olmuş,hərtərəfli döyüş taktikasına yiyələnmiş kadrların yetişdirilməsində,hərbi məktəblərin proqramlarının yenidən hazırlanmasında öz qardaşlıq köməyini əsirgəmədi.

Bu gün həmin dəstəyin nəticəsidir ki, Azərbaycan Ordusu dünyanın ən inkişaf etmiş dövlətlərinin ordusu ilə müqayisə olunur. İstər kadr hazırlığı, istərsə də döyüş texnikası baxımından bu qısa müddətdə ordumuz böyük inikşaf yolu keçmişdir. Əlbəttə, danılmaz faktdır ki, hər il Azərbaycan və Türkiyə silahlı qüvvələrinin iştirakı ilə birgə hərbi təlimlərin keçirilməsi bu inkişafa təkan verib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 13-də Türkiyə Respublikasının Milli Mudafiə naziri Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bir daha bu vacib məqama toxunaraq bildirib ki, hərbi əməkdaşlıq baxımından bu təlimlərin çox böyük önəmi var. Bu təlimlər təkcə hərbi sahədə deyil, eyni zamanda iki dövlət arasında əməkdaşlığın, insanlar arasında əlaqələrin, xalqlar arasında qardaşlığın gücləndirilməsi üçün böyük fayda kəsb etmişdir. Həmçinin prezidentimiz vurğulayıb ki, bu təlimlərin bir ənənə halını alması bir daha sübut edir ki, burada hansısa bir fövqəladə hal axtarmaq lüzumsuzdur. Bu Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının növbəti təzahürüdür.

Bildiymiz kimi,bu gün işğalçı Ermənistan tərəfindən Azərbaycan Respublikasının torpaqlarının 20 faizi qanunsuz şəkildə, zor tətbiq edilərək, dinc əhaliyə divan tutularaq zəbt edilmişdir. Müharibə şəraitində yaşayan bir dövlət kimi Azərbaycan Respublikası hər an Türkiyə dövlətinin, xalqının dəstəyini hiss etmiş və bunu daim yüksək qiymətləndirib. Bu elan olunmamış müharibə şəraitində bizi birləşdirən təkcə dövlətlərimizin maraqları deyil, bizi birləşdirən sadiqlik , etibar və qarşılıqlı dəstəkdir. Bu tarix boyu belə olub, bu gün də davam etməkdədir. Xatırlatmaq yerinə düşərdi ki, 1918-ci il hadisələri, Nuru Paşanın komandanlığı altında Türk Ordusunun Azərbaycanın yanında olması, öz qardaşlıq köməyini göstərməsi bunu bir daha sübut edir.

Hamıya məlumdur ki, Türkiyə NATO-nun aparıcı ölkələrindən biridir. Öz güclü ordusu ilə daim dünyanın aparıcı dövlətləri ilə bir sırada olması və Azərbaycanı dəstəkləməsi bir daha bizə ümid verir ki, biz bu haqq işində düz istiqamət tutmuşuq, bizim yolumuz şəhidlərin yoludur, müqəddəs amal uğunda birləşmişik.

Hər birimiz əminik ki, ənənə halını almış bu təlimlər ordumuzun daha da güclənməsinə, təcrübə toplamasına yardım edəcək. İşğalçı Ermənistan öz çirkin niyyətini həyata keçirə bilməyəcək. Torpaqlarımızın hər qarışı azad olunacaq. Xalq olaraq hamımız bu müqəddəs amal uğrunda Ali Baş Komandan, cənab İlham Əliyevin əmrini gözləyirik və hər an döyüşə hazırıq. 10 milyonluq Azərbaycan xalqı bu qələbəni səbirsizliklə gözləyir və bu müqəddəs yolda bizə dəstək olan Türkiyə dövlətinə böyük ümidlər bəsləyir.

Çingiz Dadaşov, Nəsimi rayon sakini, ehtiyatda olan zabit

  2020-09-06T11:34:09+04:00    |      5864