<span style=color:#ff0000>Evində stansiya quraşdıran alim: </span>“Alınan enerji bizi təmin edir, həm də kimdənsə asılı olmuram”-<span style=color:#ff0000>MÜSAHİBƏ</span>

Evində stansiya quraşdıran alim: “Alınan enerji bizi təmin edir, həm də kimdənsə asılı olmuram”-MÜSAHİBƏ

A + A -

Müxtəlif beynəlxalq qurumların tövsiyələrinə əsasən, son illər bir çox ölkələrdə alternativ və bərpa olunan enerjidən istifadə getdikdə artmaqdadır. Bu enerjinin tətbiqini isə adətən ekoloji təmiz olması və əhalinin elektrik enerjisi üçün əlavə ödənişlərdən xilas olması ilə əlaqələndirirlər. Ölkəmizdə isə bu sahə o qədər də geniş inkişaf etməyib və əhalinin böyük əksəriyyəti elektrik enerjisindən istifadə edir.

Lakin elektrik enerjisinin, xüsusilə də qış aylarında və bölgələrdə daha çox kəsilməsi, eləcə də Tarif Şurasının davamlı artan enerji qiymətləri, məhz alternativ və bərpa olunan enerjinin bir zərurət olduğunu göstərir.

Hətta ölkədə xüsusi olaraq bu sahədə fəaliyyət göstərən Alternativ və bərpa olunan enerji mənbələri üzrə dövlət agentliyi yaradılsa da, ölkədə kütləvi şəkildə bu enerjidən istifadəyə keçilmədi. Fakt odur ki, hazırda ölkədə bu sahədə təşviqatın zəifliyi, əhalinin maarifçiliyinin zəif olması kimi amillərin nəticədir ki, bu gün Azərbaycan alternativ və bərpa olunan enerjidən ən çox istifadə edən ölkələr siyahısında deyil. Vətəndaş isə bu enerji növündən istifadənin ona nə qazandıracağını düşünür. Biz isə vətəndaşların bu istiqamətdə suallarını mütəxəssislərə ünvanladıq.

“Cümhuriyət” qəzetinin müsahibi texnika elmləri doktoru, dosent Fuad Məmmədovdur.

Qəzetin müsahibi bu sahədə layihələr həyata keçirib, hibrid stansiyaları işləyib hazırlayıb və müəyyən ərazilərdə quraşdırıb. Tədqiqat işində ölkənin günəş, külək, Xəzərin dalğa enerji potensiallarını tədqiq edib, eləcə də müxtəlif təyinatlı günəş, külək qurğuları işləyib hazırlayıb.

Cebhe.info müsahibəni təqdim edir:

- Ölkədə alternativ və bərpa olunan enerji yetərincə tətbiq edilmir və vətəndaş bu sahədə tam məlumatlı deyil. Bir sıra xarici ölkələrdə bu enerji növündən istifadədə vətəndaşın dövlətdən dotasiya aldığı deyilir.

- Müəyyən ölkələr var ki, onların qanunvericilik bazasında belə bir maddə var. Məsələn, vətəndaşın fərdi yaşayış evi, fərdi təsərrüfatı var və alternativ enerjidən istifadə edir. Bununla özünün tələbatını ödəyir və əlavə enerji qalır. Əgər evin tələbatı 2 kVt/saat, quraşdırdığı mini stansiya, yaxud qurğu 5 kVt/saat istehsal edirsə, qalan 3 kVt/saat dövlətə satır. Hər hansı bir zaman ərzində, bu fərq azdırsa lazım olduğu vaxtda özü istifadə edir, evdə olmadıqda belə enerji istehsal olunur, istifadə etmədiyi hissəsini yenidən sayğacdan keçməklə dövlətə satır. Yəni o sayğacda hər kVt/saata görə, enerjinin miqdarı təyin olunur və ona uyğun olaraq həmin sahibkar, fiziki şəxs hökumətdən o vəsaiti geri ala bilir. Müəyyən dövlətlərdə, xüsusilə də Şimali Avropa dövlətlərində qanunvericilikdə bu formada maddələr var.

Bundan başqa o enerjini işlədən şəxslər, sahibkarlar müəyyən subsidiyalara malik olurlar ki, mən öz təsərrüfatımı, tələbatımı alternativ enerji ilə həyata keçirirəmsə, digər sektorlarda mənə subsidiyalar tətbiq olunur. Onlar da müsbət haldır və qanunvericiliklə tənzimlənir.

- Bu gün elektrik enerjisinin qiyməti o qədər ucuz deyil. Əhali alternativ enerjidən istifadə edərsə, bunun fərqini necə görəcək?

- Bu gün hamı elektrik enerjisindən istifadə edir. Bir misal çəkim, Mingəçevirdə stansiyada məlum hadisə baş verdikdə ölkədə çox böyük ərazi qaranlığa qərq oldu. Şəxsən mən öz evimdə günəş elektrik stansiyasını quraşdırmışam, uzun illərdir ki, istifadə edirəm və Mingəçevirdə baş verən hadisə mənim evimdə hiss olunmadı.

Tamamilə avtonom şəkildə bu alternativ enerji mənbələrindən istifadə edərək evimin enerji tələbatını yerinə yetirirəm. Burada hansı faktorlar var? Birincisi, avtonomluqdur, heç bir şəbəkədən asılılıq yoxdur.

İkincisi, bu sistemin özünü ödəmə müddətidir. Azərbaycan şəraiti üçün bu göstərici 6-7 ildən artıq deyil. Bundan başqa ekoloji təmiz enerjidir. Yəni heç bir ekoloji zərərə məruz qalmır. Qanunvericilik bazasında müəyyən çatışmazlıqlar var ki, sabah mən əlavə enerji istehsal edib satacağamsa, artıq ordan gəlir əldə edəcəyəm. Bu gün mənim quraşdırdığım stansiya məni kifayət qədər təmin edir və artıq da qalır. Həmin artıq qalanı mən istifadə edə bilmirəm, qalır. Ancaq mən onu ümumi şəbəkəyə satıb gəlir əldə etsəm, burada hər bir fiziki şəxs artıq maraqlı bir tərəf olar və hamı çalışacaq ki, enerji istehsal edib satsın və müəyyən vəsait əldə etsin. Ona görə də bu sahə işlənməlidir. Ölkə başçısının bu sahə ilə bağlı imzaladığı son fərmanında o müddəalar öz əksini tapıb ki, yavaş-yavaş bu qanunvericilik bazası təkmilləşdirilsin və xüsusilə sahibkarlara, fiziki şəxslərə bu enerjidən istifadə ilə bağlı təşviqat aparılsın.

- Bu gün bir vətəndaş kimi sizə hazırda elektrik enerjisindən, yoxsa alternativ enerjidən istifadə sərfəlidir?

- Hər bir proses enerji qənaəti texnologiyası çərçivəsində baş verməlidir. Çünki biz enerjiyə laqeyd yanaşmalı deyilik. İstifadə etdiyimiz müddət ərzində ondan yararlanmalıyıq. Lakin lazım olmadan işıqların yandırılması, digər elektrik enerjisi istifadiçilərinin nəzarətsiz saxlanılması baş verməməlidir. Avtomatik bir rejimə keçmək lazımdır. Həyətlərin, küçənin işıqlandıırlmasında özü yanıb-sönən sistemə keçmək lazımdır, evin daxilində isə nəzarət etmək lazımdır. Alternativ enerji olduqca sərfəlidir və 6-7 ilə qoyulan kapital geri qayıdır. Ən azından 25 il istismar müddətinə malik olan avadanlıqlardır. Ona görə bizim insanlar ilkin kapitalı qoymaq istəmirlər, düşünürlər ki, bu gün hazır enerji alıram və onu istifadə edirəm, mənə bəs edir, sönəndə də sönəcək. Ancaq qış aylarında işıqlar çox sönür, küləkli havada kabellər ağaclarla təmasda olub qırılır, dağılır, saatlarla, günlərlə elektrik enerjisi olmur. Ancaq mən bu problemləri yaşamıram. Çox rahat şəkildə alternativ enerjidən istifadə edirəm. Tam asılılıq vəziyyətindən çıxmaq özü bir mənəvi zövqdür.

- Həmin avadanlıqların quraşdırılmasında vətəndaşa dövlət dəstək olmalıdır, yoxsa hər bir vətəndaş fərdi şəkildə bunu tətbiq etməlidir?

- Dövlətin dövlət işi, vətəndaşın vətəndaş işi var. Yəni dövlət böyük stansiyalar quraşdırmaqda maraqlıdır. İndiyədək bir neçə ərazidə, məsələn, Xızı yolunda, Samuxda, Suraxanıda, Naxçıvanda günəş elektrik stansiyaları, Qobustanda böyük günəş elektrik stansiyalarından ibarət poliqon var. Onlar istehsal edilən enerjinin ümumi şəbəkəyə qoşulması, ümumi şəbəkəyə verilməsi üçün nəzərdə tutulub. Ancaq insanlar mütəxəssisləri cəlb etməklə evin enerji tələbatını hesablayır, orada nəzərədə tutulan kostruksiya işlərini görüb, qurğular quraşdıraraq o enerjini əldə edə bilərlər. Təsəvvür edin ki, bugünkü mövcud temperatur, istilər itirilən enerjidir. Həm FHN, həm də “Azərenerji” tərəfindən bildirilir ki, elektrik xətləri yüklənir, xüsusilə də bu kondisionerlərin işləməsi ilə əlaqədardır. Biz günəş olduqda enerji ala bilərik, onu da kondisionerə istifadə edə bilərik.

Azərbaycanda bu cür sistemlər var, biz işləyib hazırlamışıq, quraşdırmışıq, istismar edirik. Çox effektiv bir texnologiyadır. Sadəcə başlamaq lazımdır, insanlar ehtiyat edir ki, ilkin olaraq 4-5 min manat kapital qoysam, necə olar? Düşünürlər ki, ayda 20 manatlıq enerjidən istifadə etsəm, 4-5 min manat arasında xeyli fərq var. Ona görə də geri çəkilirlər. Ancaq belə deyil. Onun mənəvi, ekoloji, asılı olmamaq tərəfifiziki dəyərindən güclüdür. Əgər quraşdırdığınız alternativ enerji tələbatı tam ödəyirsə, şəbəkədən gələn enerjiyə artıq ödənişə ehtiyac yoxdur. O sistem qapanılır, lazım olanda ondan istifadə etmək olar.

- Belə bir fikir də səslənir ki, alternativ enerjidən istifadə edən fərdi şəxs vergi ödəməli olur. Bu nə dərəcədə realdır?

- Əvvəlki qanunvericilikdə belə bir maddə var idi ki, fiziki şəxslər gücü 10 kVt/saat qədər olan qurğunu quraşdıra bilərlər. Ancaq 10 kVt/saatdan artıq gücü olan qurğunu quraşdırmaq üçün müvafiq qurumdan icazə alınmalı idi. Bir fərdi yaşayış evi üçün 10 kilovat böyük rəqəmdir. İstər 3 mərtəbəli ev olsun, ailədə 15 nəfər olsa belə, bu ev üçün quraşdırılan enerjinin gücü 5-6 kilovatdan artıq deyil. Yəni 10 kilovata qədər icazə alınmasını Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi tərtib etmişdi. Ancaq vergi o vaxt ola bilər ki, VÖEN açılsın, müqavilələr bağlansın, təsdiqlənsin ki, mən sahibkar kimi enerji istehsal edib, satıram, ondan əvvəl texniki icazələr alınmalıdır ki, ondan sonra vergiyə keçilsin. Fərdi şəxs kimi alternativ enerjidən istifadə zamanı heç bir vergi ödənilmir.

Nigar Abdullayeva

Cebhe.info

  2021-07-16T12:05:18+04:00    |      8614