Güney Azərbaycan üçün iki təhlükə:<span style=color:#ff0000> “Pandemiyadan daha qorxulu...” - Fəlsəfə doktoru</span>

Güney Azərbaycan üçün iki təhlükə: “Pandemiyadan daha qorxulu...” - Fəlsəfə doktoru

A + A -

İranda koronavirus tüğyan edir.

İslam Respublikasının Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur mediaya açıqlamasında ölkədə son bir sutka ərzində koronavirusdan ölənlərin və xəstəliyə yoluxanların yeni statistikasını yayıb.

Cahanpur deyib ki, son 24 saat ərzində İran laboratoriyalarında daha 3076 nəfərin koronavirusa yoluxduğu aşkar edilərək qeydə alınıb:

“Təəssüflər olsun ki, dünən günorta saatlarından indiyə qədər ölkədə daha 139 nəfər koronavirusdan ölüb. Bununla da bu günə qədər ölkədə “Covid-19” virusundan ölənlərin ümumi sayı 2517 nəfərə, infeksiyaya yoluxanların ümumi sayı isə 35 min 408 nəfərə yüksəlib”.

Kiyanuş Cahanpur ölkədə bu günə qədər koronavirusa yoluxanların sayının 35408 nəfərə, epidemiyadan ölənlərin sayının isə 2517 nəfərə yüksəldiyini bildirsə də, İranın tibb mərkəzlərində çalışan mənbələr, virusdan ölənlərin və xəstəliyə yoluxanların sayının rəsmi tribunalardan elan edilən rəqəmlərdən ən azı 5 dəfə çox olduğunu bildirirlər.

Ölkədə fövqəladə vəziyyət elan olunmasa da, bir sıra obyektlərin fəaliyyəti dayandırılıb. Siyasi ekspertlərin fikrincə, İran rejimi koronavirusu bəhanə edərək milli və siyasi fəallara qarşı repressiyaları gücləndirə, müxalif düşüncə mərkəzlərini dağıtmağa cəhd edə bilər. Xatırladaq ki, martın əvvəlləri koronavirus təhlükəsi ilə əlaqədar bir qrup məhbus azadlığa buraxılsa da, bağışlanma qərarı güneyli milli fəallara şamil olunmamışdı.

Bütöv Azərbaycan Ocaqları başqanının türk dünyası ilə əlaqələr üzrə müavini, fəlsəfə doktoru Faiq Ələkbərli hesab edir ki, bəzi ölkələr, o cümlədən İran pandemiyadan sui istifadə edir:

“Məsələn, Çinin kommunist hökuməti bu epidemiyadan Uyğur türklərinə qarşı istifadə edir, onları daha güclü şəkildə assimilyasiyaya məruz qoyurlar. Bu məsələdə Çinin kommunist rejimindən geri qalmayan fars-molla rejimi isə eyni addımları İran adlanan ölkədə xüsusi çəkiyə sahib türklərə, özəlliklə də Güney Azərbaycan türklərinə, onların fəallarına qarşı aparırlar. Bir tərəfdən həbsxanadakı milli fəalların koranavürusa yoluxmasına şərait yaradan fars-molla rejimi, onlardan bəziləri bu epidemiyaya yoluxduqdan sonra azadlığa buraxırlar. Digər tərəfdən isə, karantin rejimini bəhanə gətirərək milli fəalları az qala nəfəs almağa imkan vermirlər. Bir sözlə, dünyanın super dövlətlərinin başlarının koronavirus epidemiyasına qarışmasından fars-molla rejimi maksimum istifadə etməkdədir. Belə olduğu təqdirdə, İran adlanan ölkədə, xüsusilə də Güney Azərbaycanda milli oyanış hərəkatının fəallarının haqq səsini dünyaya çatdırılması bir az da çətinləşib”.

BAO təmsilçisi deyib ki, yaranmış vəziyyət ümidsizliyə əsas ola bilməz, milli qüvvələr daha konsolidasiya olunmalı, birgə hərəkət etməlidir:

“Ümidsizliyə qapılmaq lazım deyil. Hər şərdə bir xeyir var. Güney Azərbaycan türklərinin milli fəalları daha sıx əməkdaşlıq etməli və güclərini birləşdirmək üçün çalışmalıdırlar. Artıq ayrı-ayrı qruplar şəklində, ya da parakəndə fəaliyyətdən əl çəkib mərkəzi bir qurum yaradılmalıdır. Bölgələr və şəhərlər arasındakı pərakəndəlik və bölgəçiliyə son qoyulmalıdır. Şübhəsiz, bu koranavürusun bir sonu olacaq və milli oyanış hərəkatı baxımından mübarizəyə əngəl ola bilməz. Əgər fars molla rejimi bundan çirkin məqsədləri üçün istifadə edirsə, o zaman milli hərəkat bunun qarşısında daha effektiv addımlar atmalıdır. Bir daha demək istəyirəm ki, səsimizin dünyanın eşitməsi üçün, ilk növbədə bunu təsirli bir hala gətirmək lazımdır. Başqa sözlə, bir an öncə fiziki xəstəlik olan koronavirusdan daha təhlükəli olan irançılıqdır, panfarsizmdir. Bu bəladan qurtarmadıqca Güneyi çətin günlər gözləyr”.

Aydın
Cebhe.info

  29.03.2020 12:30    |      12288