İcra başçısı: <span style=color:#ff0000>“Heç kəs indiyə qədər yaza bilməz ki, mən rüşvət almışam” - MÜSAHİBƏ</span>

İcra başçısı: “Heç kəs indiyə qədər yaza bilməz ki, mən rüşvət almışam” - MÜSAHİBƏ

A + A -

Son illər ərazisinin xeyli hissəi işğal olunmuş Ağdam rayonunda tikinti-quruculuq işləri sürətlənib.

Əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması istiqamətində müəyyən işlər görülüb.

Cebhe.info-nun müsahibi Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənovdur.

“Məmur mətbuata açıq olmalıdır”

-Vaqif müəllim, öncə sizi salamlayır, müsahibəyə razılıq verdiyiniz üçün sizə minnətdarlığımı bildirirəm.

-Təşəkkür edirəm. Mən də öncədən bildirmək istəyirəm ki, hər bir dövlət qulluqçusunun fəaliyyəti şəffaf olmalı, hər kəs mətbuata açıq olmalıdır.

-Ağdam rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edildikdən sonra rayonda ilk olaraq hansı işləri görməyi vacib bildiniz?

-İlk növbədə əvvəlki dövrdə olan neqativ halları araşdırıb aradan qaldırmaq üçün gördüyüm tədbirlərdən söhbət açmaq istərdim. Rayon əhalisinin xeyli hissəsi ələbaxımlılıq psixologiyası ilə yaşayırdı. Bir çox hallarda onların adları müəssisədə qeydiyyatda olsa da, özləri işə getmirdi. Həmin şəxslərə isə yazılan maaşlar arxalandıqları adamlarla ən yaxşı halda yarıbayarı bölünürdü. Təsəvvür edin, Ağdamda 100 məktəb varsa, orta hesabla hər məktəbdən 5 nəfər texniki işçi götürəndə, təxminən 500 işçi işləmədən, boş-boşuna maaş alırdı.

Çox ciddi məsələ idi. Təsəvvür edin ki, bir “filankəs” var. Həmin bu filankəsin qohumları bu şəxsə arxayın olub, işə gəlmək istəmir. Artıq bu filankəsin qohumları özünə görə, xüsusi statuslu qohum olduğundan, idarə işçilərindən heç kəs ona bir söz deyə bilmirdi. Çox güman ki, öz mənfəətini əldə etdikdən sonra rəhbərlik də bu məsələyə göz yumub. Belə olan halda isə kimsə yerində olmur və heç bir inkişafdan söhbət gedə bilməz.

“Haqqımda yuxarılara 100-dən çox imzasız məktub yazılıb”

-Qeyd etdiyiniz bu halların aradan qaldırılmasında sizə qarşı hər hansı bir narazılıq oldumu?

-Əlbəttə, bəzi insanlar mənim haqqımda ölkə rəhbərliyinə, ayrı-ayrı yerlərə ünvansız məktublar yazmağa başladı. Elə olub ki, respublikanın rəhbər orqanlarına mənim barəmdə bir ay ərzində yüzdən artıq məktub göndərilib. Mənaca eyni olan məktubların əsas məğzində mənim fəaliyyətsizliyim qeyd olunub. Əlbəttə, burada qərəzlilik açıq-aydın göz önündədir. Lakin heç kəs indiyə qədər yaza bilməz ki, mən rüşvət almışam. Belə bir məktub yazılan kimi araşdırılır və məhkəməyə verilir. Rüşvət mənim üçün mümkün olan hal deyil. Bundan başqa mən bütün şikayət ərizələri ilə tanış olub tamamilə araşdırıram, həlli mümkün olan və haqlı tələblərin yerinə yetirilməsini təmin edirəm. Bir misal deyim. Rayonun Mərzili kəndindən olan şəhid ailəsinin nümayəndəsi Əliyeva Həqiqət adında bir şəxs respublikanın bütün orqanlarına ona dövlət tərəfindən verilmiş torpağın mənim tərəfimdən geriyə alındığını yazırdı. Lakin araşdırma nəticəsində məlum oldu ki, 2008-ci ildə verilmiş bu torpaq istifadə edilmədiyi üçün alınaraq 2009- cu ildə “Kraun-Ko” şirkətinə verilib. İstifadə etmədiyi torpaqla neçə illər sonra maraqlanan bu şəxs indi mənim onu aldığımı söyləyir. Mən onun ərizəsini bağlamaq yox, əksinə, problemini həll etməyə çalışıram. Məsələni aydınlaşdırıb, həlli yollarını axtarmaq bizlərin borcudur. Bizim bir yolumuz var. Cənab Prezidentin bütün tapşırıqlarını qeydsiz-şərtsiz yerinə yetirmək. Əgər icra başçısı idarə etdiyi rayonun yükünü çəkməyə hazır deyilsə, vaxtında əyləşdiyi kreslonu buraxmalı, işdən getməlidir.

Həmçinin yazırlar ki, Vaqif Həsənov rayonun Quzanlı-Xındırıstan yolunda özünə 300 metr uzunluğunda mağaza tikdirib. Amma məlumatları yoxdur ki, o mağazanı tikdirən mən yox, hansısa sahibkardır. Həmin sahibkarları rayona mən dəvət etmişəm. Çünki o mağazaların tikilməsinin ancaq rayon əhalisinə xeyiri var. Həmin yerdə 50 nəfərdən çox rayon sakini işləyəcək. Bu isə 50 ailənin maddi rifahının yaxşılaşdırılması deməkdir.

“Sahibkardan rayonda iş görmək üçün pul alsaydım...”

-Sahibkarlardan söz düşmüşkən əvvəlki illərdə rayona gələn sahibkarlar heç bir iş görmədən ərazidən gedirdilər. Ancaq son dövrlər onların yenidən rayona gəlişi müşahidə olunur. Vaxtilə “əliboş” dönən sahibkarların yenidən bölgəyə gəlməsinin səbəblərini nədə görürsünüz?

-Maraqlı sualdır. Az öncə rayon ərazisində istifadəyə hazır olmaq üzrə olan böyük mağazalardan söhbət açdıq. Təbii ki, onun faydalarını da diqqətə çatdırdım. O mağazaların mənim işlədiyim dövrdə tikilməsi təsadüfi deyil. Əgər mən həmin sahibkardan rayonda iş görmələri üçün rüşvət alası olsaydım, onlar bu işi görməyəcəkdi. Mən bütün vasitələrdən istifadə edib çalışıram ki, müxtəlif yerli və xaricdə fəaliyyət göstərən sahibkarlar rayon ərazisində iş qursun, rayona sərmayə yatırsın. Bunlara misal kimi qeyd edim ki, Yaponiya səfirliyi ilə apardığım danışıqlar nəticəsində Quzanlı, Çullu, Paşabəyli kəndlərində 3 ədəd içməli artezian quyusu qazdırmışam. Artıq bu quyular hazırdır, istifadəyə də verilib. Bununla yanaşı, Paşabəyli kəndində bir körpələr evinin tikilməsinə nail oldum. Əlavə olaraq, yerli sahibkarların hesabına Ergi qəsəbəsində 2 ədəd, Əfətli kəndində isə 1 ədəd, ümumilikdə 75 hektar əkin sahəsini suvara biləcək subartezian quyusu qazılıb. Hazırda onlar işlək vəziyyətdədir və artıq 3 sahibkar 75 hektar torpağı çətinlik çəkmədən suvarır. Bu işi inkişaf etdirmək fikrimiz var ki, ayr- ayrı sahibkarları cəlb edək və eyni zamanda, onlarla köməkləşərək bunu böyüdək. Fikrimcə, bu icra başçıları tərəfindən dövlətə veriləcək ən böyük dəstəkdir. Bu səbəbdən də mənim qapılarım bütün sahibkarların, iş adamlarının üzünə açıqdır.

“Xındırıstanda hotel tikintisinin layihəsi hazırdır”

-Sahibkarla danışıqların növbəti nəticəsi kimi hansı gözləntiləriniz var?

-Bəli, gözləntilərimiz var. Demək olar ki, artıq nəticələr də əldə etmişəm. Bildiyiniz kimi, Xındırıstan kəndində qəzalı vəziyyətdə olan kənd məscidini dövlət vəsaitindən istifadə etmədən əsaslı təmir etdirib əhalinin istifadəsinə vermişik. Həmin məscidin qarşısında park inşa etdirmişəm. Hazırda Moskvada yaşayan ağdamlı iş adamı ilə əlaqələr qurmuşam. Həmin sahibkarı öz kəndi olan Xındırıstan kəndində hotel binası tikməsi üçün Ağdama dəvət etmişəm. Artıq bir sıra layihələr hazırlanıb, lazımi sənədlər düzəlir və hotel binasının tikiləcəyi yeri belə təyin etmişik.Hər bir sənəd hazır olduqdan sonra, sahibkar gəlib burada hotelin inşasına başlayacaq. Mərkəzin daxilində restoran, hovuz, SPA və bir sıra xidmətlər olacaq.

Həmçinin Ağdamda bir sıra emalatxanalar təşkil olunacaq ki, burada insanlar kənd təsərrüfatı üçün istifadə elədiyi əşyaları rahat şəkildə, sərfəli qiymətə tapa biləcək. Bununla bağlı sahibkarlar müəyyənləşdirirəm. Ancaq Sizə də məlumdur ki, Ağdam cəbhə bölgəsi olduğu üçün bura sahibkarlar tərəfindən riskli ərazi hesab olunur. Lakin rayon əhalisinin Cənab Prezidentin apardığı siyasətə çox böyük inamı var və biz yaxşı bilirik ki, yaxın vaxtlarda Ağdam rayonu tam azad olunacaq. Heç vaxt düşünmürük ki, burada aparacağımız quruculuq işləri nəticəsində tikilənlər düşmənin əlinə keçə bilər.

“Cəbhə kəndlərimizdə yerləşən sakinlər düşmən təxribatından mənəvi-psixoloji olaraq əziyyət çəkir”

-Cəbhə bölgəsi demişkən, rayon ərazisinin böyük hissəsinin işğalçı Ermənistan ordusu tərəfindən işğal altında olması xeyli kəndin qoşunların təmas xətti boyunca yerləşməsi ilə nəticələnib. Bu faktlar rayon üçün hansı çətinlikləri yaradır, ümumiyyətlə, yaranan çətinliklər hansı zərərlərlə nəticələnir?

- Ağdam rayonunun 77.4 faiz ərazisi işğal altındadır. Təbii ki, işğal nəticəsində rayona dəyən maddi ziyan, əhalinin yaşadığı çətinlik hamıya məlumdur. Ancaq biz burada düşmənin təmas xətti boyunca yaşatdığı çətinlikləri, vurduğu ziyanı qeyd ediriksə, onda çox böyük rəqəmlərlə üzbəüz qalırıq. Öncə bir xatırlatma edim ki, bizim rayonun 204.000 əhalisi var. Onların 94.000 nəfəri bizim nəzarətimizdə olan 22.6 faiz ərazidə məskunlaşıb. Əhali 43 kənd, 1 yerli qəsəbədə və 18 köçkün qəsəbəsində məskunlaşır. Bu da ciddi insan sıxlığı deməkdir. Cəbhə kəndlərimizdə yerləşən sakinlər düşmən təxribatından mənəvi-psixoloji olaraq əziyyət çəkir. Burada xüsusilə azyaşlı uşaqları vurğulamaq olar. Onlar qorxu və stressdən ciddi xəstəliklərə düçar olurlar. Bu xəstəliklər gələcəkdə daha ciddi fəsadlara yol açır. Maddi ziyana gəldikdə, təkcə təmas xəttinə yaxın ərazilərdə 350 hektar əkinə yararlı torpaq sahəsi var ki, oranı düşmənin yaratdığı çətinliklər səbəbindən əkib-becərmək mümkün deyil. Həmçinin orada 40 subartezian quyusu istifadəsiz qalıb. Siz təsəvvür edin ki, ora istifadə olunarsa, təkcə pambıq əkməklə bir milyon üç yüz min manatdan artıq gəlir əldə etmək olar. Bu, sadəcə, rayona bir illər ərzində dəyən maddi ziyandır. Hələ biz bunu 27 ilə vursaq, rayon əhalisinə dəyən maddi ziyanın hansı həddə olduğunu anlayarıq.

“1-2 aydan sonra rayon bazarını işlək vəziyyətə gətirəcəyəm”

-Təbii ki, bu sadalanan zərərlər birbaşa əhalinin maddi vəziyyətinə ciddi təsir göstərir. Ümumiyyətlə, əhalinin maddi rifahının yaxşılaşdırılması istiqamətində dövlət dəstəyi ilə hansı işlər görülüb?

-Rayonda aparılan işlərdən biri də, Ağdamda istifadəyə hazır olmaq üzrə olan bazardır. Təsəvvür edirsiz? Bir Ağdam sakini xırda bir ehtiyacından ötrü Bərdəyə getməlidir. Bu da rayonun pulunun qırağa çıxması deməkdir. Artıq 1-2 aydan sonra yüksək səviyyəli şərait yaradaraq, bazarı işlək vəziyyətə gətirəcəm. Baş nazirimiz Əli Əsədov bu işə 200 min manat məbləğində vəsait ayırıb. Burada çalışmaq istəyən hər bir şəxsə yer verəcəyəm ki, öz ticarətlərini rahat şəkildə burada etsin. Kəndlilər heç bir haqq ödəmədən öz becərdikləri məhsulları rahat şəkildə sata biləcəklər. İnsanları Ağdama cəlb etmək üçün onlara maksimum şərait yaratmaq lazımdır. Bildiyimə görə, elə bu təşəbbüs də ilk olaraq mənim tərəfimdən həyata keçirilir.

Gələcək planlarda ilk növbədə Ağdamda yaşayacaq əhalinin məşğulluğunun artırılmasıdır. Mən yenə deyirəm, bu gün Ağdam əhalisinin 94 000 nəfəri rayon ərazisində yaşayır. Bu, xırda rəqəm deyil. Fikrimcə, Ucar, Zərdab və s. kimi rayonların əhalisindən çoxdur. Ancaq buna baxmayaraq, rayon ərazisində bir çörək zavodu yoxdur. Hələ ki, Qaçqınların və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsi ilə danışmışam. Yaxın vaxtlarda çörək zavodunun tikilməsini təmin etmək üçün bir sıra işlər görürəm. Planlarımıza əlavə olaraq, onu da qeyd edə bilərəm ki, Ağdamın yollarına xidmət edə biləcək bir asfalt zavodunun yaradılması üçün tədbirlər planı həyata keçirirəm. Hazırda Avtomobil Yolları Dövlət Agentliyi ilə danışıqlar aparılır. Burada tikiləcək olan asfalt zavodu xeyli insanlar üçün iş yeri olacaq. Həmçinin əhalimizin bir qisminin yaşadığı Ergi ərazisində asfaltsalma işləri aparılacaq. 2020-ci ilin sentyabr-oktyabr aylarında 8 km-dan artıq Ergi yolu təhvil veriləcək. Bu yol son otuz il ərzində çəkilməyib. Orada yaşayan əhali, əsasən, yolsuzluqdan əziyyət çəkirdi.

Cənab Prezidentin həmişə bir sözü bizə nümunə olub: “Mən xalqıma xidmət edirəm!” Mən də düşünürəm ki, biz məmurlar da cənab Prezident İlham Əliyevin bu çıxışını həyat proqramı kimi qəbul etməliyik. Biz bütün fəaliyyətimiz zamanı bu amalın həyata keçməsinə xidmət etməliyik. Eyni zamanda, biz məmurlar ayrı-ayrı şikayətçilərin də ərizəsini bağlamaqla məhdudlaşmamalıyıq. Həmçinin çətinlik yaradan səbəbləri aradan qaldırmağa səy göstərmək lazımdır.

“Ağdamda bir dənə də olsun, içməli su mənbəyi yoxdur”

-Rayona təyin edildiyiniz gündən ən çox müşahidə olunan xidmətiniz əhali ilə daha sıx əlaqə qurmaqdır. İcra hakimiyyəti aparatının binasında nəzərdə tutalan qəbul günlərindən başqa yerlərdə səyyar qəbullar təşkil edirsiniz. Sakinlər tərəfindən ən çox müraciət olunan problem hansıdır?

-Ağdam rayonunda olan problemləri mən iki qrupa bölərdim. Bura yerli İcra Hakimiyyətindən asılı olan və asılı olmayan məsələlər aiddir. Əsasən, onu da qeyd edim ki, əhalinin gərgin, əsəbi olması böyük bir problemdir. Belə olan halda işlər də yolunda getmir. İkinci cəhət onu deyərdim ki, Ağdam rayonu ön cəbhədə yerləşdiyindən bura daha az sahibkar gəlir. Yəni əhalinin işləməsi üçün xidmət sahələrindən başqa böyük bir müəssisə yoxdur. Digər tərəfdən, "regionlaşma" adı altında bütün sahələr üzrə olan idarələr Ağdam rayonundan çıxıb gedib. Bu gün Ağdamda bir dənə də olsun, içməli su mənbəyi yoxdur. Yeganə içməli su mənbəyi artezianların qazılmasıdır. İçməli suya xidmət edən “Azərsu”nun rayon idarəsi Ağcabədi rayonuna tabedir. Ağdam işıq idarəsi isə İmişli rayonuna tabedir. Bu kimi məsələlər Ağdamın digər rayonlardan asılılığını artırır. Bu regionlaşma bizim ən böyük bəlamızdır. Rayonda bir kitabxanaçı işdən çıxarılır və ona görə regional idarəyə zəng edirsən. Ağcabədi rayonuna tabeçiliklərini əldə bayraq edib söz eşitmirlər. Ancaq sonra məlum olur ki, pul müqabilində həmin işçini yerinə qaytarıblar. Bütün bu faktları nəzərə alsaq, sakinlərimizin mənə bildirdikləri ən böyük problem işsizlikdir. Mən bütün əlaqələrimdən, təcrübəmdən maksimum istifadə edirəm ki, rayon əhalisi arasında işsizlik sayını minumuma endirim.

“Ağdam şəhərində ilk müsahibəni sənə verəcəm”

-Vaqif müəllim, Ağdamın işğal olunmuş torpaqlarına qayıdanda orada ilk bərpa etdiyiniz yer hara olacaq?

-Ağdam torpağı dünya mədəniyyətinə böyük simalar bəxş edib. Böyük şəxsiyyətlərin, mədəniyyətimizin beşiyi olan Ağdamda birinci növbədə mədəniyyət müəssiələri qaydasında olmalıdır. İnşallah, Ağdamın işğal olunmuş torpaqlarına qayıdanda ilk bərpa etdiyim yer “Ağdam Mədəniyyət Evi” olacaq! İnanıram ki, bu vaxt uzaqda deyil. Cənab Prezidentimizin rəhbərliyi altında "Böyük qayıdış" mütləq həyata keçiriləcək. Bir qarış da olsun, düşmənə torpaq verməyəcəyik. Mən burada sizə söz verirəm ki, işğal altında olan Ağdam şəhərində ilk müsahibəmi sənə verəcəyəm.

Elgün Gəncimsoy
Cebhe.info

  2020-07-08T11:55:21+04:00    |      21649