“İran koronavirusdan öz çirkin məqsədi üçün istifadə edir” - <span style=color:#ff0000>Ekspert şərh edir</span>

“İran koronavirusdan öz çirkin məqsədi üçün istifadə edir” - Ekspert şərh edir

A + A -

Ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayan koronavirus infeksiyası 162 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 185 394-ə çatıb. Bunların 80 000 nəfəri sağalıb, 7 332 nəfəri isə ölüb.

Virusa yoluxanların sayına görə İran koronavirusdan ölüm nisbətinə görə dünyada üçüncü yerə yüksəlib.

Belə ki, İranda 14 min 991 nəfər virusa yoluxub, ölənlərin sayı isə 853-ə yüksəlib.

Maraqlıdır, İran səhiyyəsi niyə koronavirusun əlində aciz qalıb?

Cebhe.info-ya açıqlama verən "Orta Doğu" Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltanın sözlərinə görə, İran rəqəmlər üzərindən manipulyasiya edir:

“Dünyanın hər yerində koronavirusla bağlı ölənlərin sayı günbəgün artır. Hazırda koronavirusa yoluxanların 3-5 faizi ölür. İranda da ölənlər var. Hesab edirəm ki, bu tip dövlətlər ölənlər və yoluxanlarla bağlı faktlar üzərində manipulyasiya edirlər, yəni onu dövlət sirri kimi saxlayıb həmin saylardan müxtəlif məqsədlər üçün: siyasi, maliyyə, yaxud da cəmiyətdə təsir güclərini artırmaq üçün istifadə edirlər.

İran da, şübhəsiz, bundan faydalanmaq istəyir. İran Prezidenti Həsən Ruhani bəyan edir ki, ölkədə koronavirusla bağlı heç bir karantin, yaxud fövqəladə vəziyyət rejimi tətbiq olunmayacaq, Novruz bayramı ilə bağlı tədbirlər də keçiriləcək, bazarlar və mağazalar da fəaliyyət göstərəcək. Deməli, İranda bu məsələ İran hakimiyyətinin, həmçinin İran kütləvi informasiya vasitələrinin təbliğ etdiyi qədər faciəvi şəkildə deyil. Əgər faciəvi şəkildə olsaydı, insanların küçəyə çıxması da qadağan olunardı.

İran BMT-dən 5 milyard dollar maliyyə vəsaiti istəyir, elan edir ki, nüvə proqramına görə sanksiyalara məruz qalıb, bu vəziyyətdən çıxmaq üçün 5 milyard dollara ehtiyacı var, lakin digər tərəfdən Həsən Ruhani deyir, heç kəsdən pul dilənməyəcəyik. Bu təzadlı fikirlər ölkədə koronavirus və onun itkisi ilə bağlı rəqəmlər üzərində oynanıldığından xəbər verir”.

Sədrəddin Soltan həmçinin ictimai nəzarət məsələsinə də toxunub:

“Dünyanın heç bir yerində indiyədək yoluxanlar və ölənlərlə bağlı ictimai nəzarət olmayıb. Məsələn, Fransada , İtaliyada, İspaniyada bu qədər ölüm var, bu ölümlərin doğrudan da koronavirusdan baş verdiyini təsdiqləyən nə var? Hansı ictimaiyyətin nümayəndələri gedib o vəziyyətlə tanış olub? Eləcə də İranda. Ümumiyyətlə, İranda hakimiyyət insan haqları ilə bağlı vəziyyəti yoxlamağa icazə vermir. Yəni bu məsələdə şəffaflıq yoxdur”.

Mərkəzin rəhbəri qeyd edib ki, İran rəqəmlər üzərində oynayır, düşməni olan İsrail və ABŞ-ı ittiham edir:

“İranın ayrı-ayrı rəsmiləri davamlı sürətdə bəyan edir ki, virus İrana qarşı bioloji hücumdur və bunun arxasında ABŞ dayanır. Lakin İran bir məsələni gizlədir. Belə ki, İrandan Çinə, virusun episentri olan Uhan şəhərinə “Mahan air” adlı aviaşirkət uçuş təşkil edib. İrana bildirilib ki, həmin şəhərdə epidemiya var, uçuşları dayandırmaq lazımdır, lakin uçuşu dayandırmayıblar. Deməli, İran höküməti Çinlə, xüsusən də Uhan şəhəri ilə daha sıx əlaqə saxlamaqla öz əhalisinə problem yaradıb.

Ona görə də, İranın koronavirusla mübarizə aparıb-aparmayacağı elə də ağlabatan deyil. Bir neçə gün öncə elan olundu ki, guya koronavirusa qarşı vaksin tapıblar, hamısı cəfəngiyyatdır. Spirt içməyin fəsadı da İranda oldu. Texniki spirt içdilər, 80-ə yaxın insan zəhərlənərək öldü. Bu qapalılıq, hakimiyyətin bu tip məsələlərdə vətəndaşlarla qeyri-səmimi olması, vətəndaşların hakimiyyətə inamsızlığı və hakimiyyətin bu məsələdən siyasi-ideoloji niyyəti üçün istifadə etməsi koronavirusla mübarizənin əsasını təşkil edir. İranda da digər ölkələrdə olduğu kimi standart sanitar-gigiyenik qaydalar tətbiq olunur”.

Tünzalə Rüstəmova
Cebhe.info

  17.03.2020 16:24    |      21638