<span style=color:#ff0000>“Neft savaşı”ndan əsl müharibəyə son bir addım?</span>

“Neft savaşı”ndan əsl müharibəyə son bir addım?

A + A -

OPEC+in Texniki komitəsinin (JTC) martın 18-nə planlaşdırılan vebinar (onlayn) rejimli iclası ləğv edilib.

Xəbər verildiyi kimi, OPEC+ ölkələrinin martın 6-da keçirilən iclasında Rusiya və Səudiyyə Ərəbistanının hasilatın azaldılmasının martdan sonra da davam etdirilməsi ilə bağlı məsələdə uğursuz danışıqlarından sonra OPEC Texniki Komitənin görüşünün keçirilməsinin zəruriliyinə şübhə edirdi. Ancaq sonradan Rusiya və Qazaxıstan OPEC+ əməkdaşlıq xartiyasının qüvvədə olduğunu əsas gətirərək texniki məsləhətləşmələrə ehtiyac olduğunu bəyan edib.

Səudiyyə Ərəbistanı Krallığının neftə tələbat az olan bir zamanda neft hasilatı və ixracını artırması, bununla bərabər neft qiymətlərini aşağı salması, onun iqtisadi durumuna təsir məsələsini gündəmə gətirib. Digər tərəfdən Səudiyyə Ərəbistanı Krallığının bu neft siyasəti qlobal enerji bazarında Rusiyanı çətin vəziyyətə salır. Eyni zamanda neftin qiymətinin kəskin düşməsi İrana da sərf etmir. Çünki onsuz da koronavirusla kəskin mübarizə şəraitində olan İranın iqtisadiyyatı sarsılmış vəziyyətdədir. Bir tərəfdən də neft zərbəsinin dəyməsi İran iqtisadiyyatının çöküşünü yaxınlaşdırır. Çünki İran qlobal neft bazarında duruş gətirmək üçün sözügedən məhsulun qiymətini aşağı salmaq məcburiyyətində qalır ki, alıcı cəlb edə bilsin. Səudiyyə Ərəbistanı Kralığının bu neft siyasəti dünya bazarında analoji iqtisadi təzyiqə məruz qalan Rusiya İranı daha da yaxınlaşdıra və ümumi təhlükəyə qarşı birləşməyə sövq edə bilər. Bu fikir isə Rusiya ilə İranın Yaxın Şərqdəki “Hizbullah”ı aktivləşdirib Səudiyyə Ərəbistanı yeni münaqişə ocaqlarına cəlb etmə ehtimalını gücləndirir.

“Cümhuriyət”ə açıqlamasında neft məsələləri üzrə ekspert Zəfər Vəliyev neftin qiyməti ilə bağlı real vəziyyətin aprel ayında dəqiq bilinəcəyini deyib:

“Martın sonuna qədər OPEK+ sazişi qüvvədə olacaq. Aprelin birindən isə Vyana sazişinin şərtləri qüvvədən düşəcək. Ondan sonra bütün neft ixrac edən dövlətlər bazarın tənzimlənməsi ilə bağlı müstəqil qərarlar qəbul edəcəklər. Yəni, gündəlik hasilat və ixrac həcmlərinin nə qədər olacağı barədə qərar qəbul ediləcək. Neft bazarlarında əsl qeyri-müəyyənlik aprel ayında müəyyən olunacaq. Çünki həm Səudiyyə Ərəbistanı, həm Küveyt, Birləşmiş Ərəb Əmirliyi, eyni zamanda İraq müstəqil şəkildə hasilat və ixrac həcmlərini artırır. Neft qiymətlərini isə aşağı salmaqda davam edəcəklər. Burada əsas fikirlər Rusiya ilə Səudiyyə Ərəbistanına fokuslanmalıdır. Çünki Səudiyyə Ərəbistanı rəsmiləri martın 12-də bəyan etdilər ki, sözügedən ölkənin hakimiyyəti təcili olaraq neftin hər barelinin 15-20 dollar dəhlizində qərarlaşacağına uyğun dövlət büdcəsi layihəsini hazırlayırlar. Yəni yeni layihə neftin qiyməti 15-20 dollara düşsə də, onun öhdəsindən gəlməyə imkan verəcək. Düşünürəm ki, apreldən etibarən neft qiymətinin aşağı səviyyədə qalmasında uzun bir dövr başlayacaq. Amma bu aprel ayında daha dəqiq bilinəcək. Bütün hallarda neft hasil edən ölkələr özlərini qlobal bazarın tənzimlənməsindən məhrum etməyəcəklər. Çünki neft bazarı tənzim olunmalıdır. Səudiyyə Ərəbistanı aprel ayından hasilat və ixrac həcmlərini artıracağını bildirib. Lakin qısa müddətdə bu ölkənin neft hasilat və ixracını kəskin şəkildə artıracağı fikri şübhəli görünür. Çünki aparılan təhlillər onu göstərir ki, bir neçə ildir Səudiyyə Ərəbistanında kommersiya təyinatlı neft ehtiyatlarında azalmalar müşahidə olunur. Bu da onu göstərir ki, Səudiyyə Ərəbistan hökuməti kommersiya təyinatlı neft ehtiyatlarından alınan neftin bir hissəsi ixrac həcmlərinə qatılaraq, hasilat həcmləri kimi təqdim olunur. Səudiyyə Ərəbistanının Yaponiyanın Ohlakoma, Hollandiyadakı Rotterdam, Misirdəki terminalında kommersiya təyinatlı neft ehtiyatları var ki, bundan xarici bazara yönəldilən ixrac həcmlərinə qata bilərlər. Ona görə də aprel ayında vəziyyətin hansı istiqamətdə inkişaf edəcəyini əvvəlcədən proqnozlaşdırmaq çətindir. Digər tərəfdən də Nigeriya, Birləşmiş Ərəb Əmirliyi, İraq, Küveyt və Səudiyyə Ərəbistanı da durmadan bütün enerji bazarları üzrə ixrac etdikləri neftin aprel satış qiymətlərində endirim edirlər. Paralel olaraq ağır tonnajlı supertankerlərin frakt edilməsi prosesi başlayır. Frakt qiymətləri də durmadan artır. Məsələn, Səudiyyə Ərəbistanının həm hasilat, həm də ixrac həcmlərini artıracağı ilə bağlı bəyanatından sonra gəmidaşıma şirkətlərinin hamısında frakt qiymətləri qalxıb. Əvvəl bir gəminin günlük fraktı 18 min dollar idisə, indi Asiya Sakit Okean ölkələrinə və Çinə bir gəminin günlük fraktı 105 min dollara qalxıb. Ona görə də indidən proqnoz vermək çətindir”.

Ekspert hesab edir ki, neftin qiymətinin düşməsinin Səudiyyə Ərəbistanının iqtisadiyyatına ciddi təsir etməyəcək:

“Bütün hallarda aprel ayında neft qiymətləri çox aşağı səviyyəyə düşməlidir. Çünki satış qiymətlərində bu qədər endirimlər edilibsə, apreldə daha böyük dəyişikliklər olacaq. Əgər bu gün “Brent” markalı neftin qiyməti 34 dollara düşübsə, apreldə bu 20-25 dollar arasında dəyişə bilər. Ona görə də aprel ayı bazar üçün çox təlatümlü bir dövr olacaq. düşünürəm ki, ondan sonra neft hasil edən ölkələr bazarın tənzimlənməsi ilə bağlı addım atacaqlar. Çünki proqnozlar da göstərir ki, neftə tələbat keçən il ilə müqayisədə artmayacaq, əksinə bəlkə də hələ azalacaq. Neftə tələbat o zaman artır ki, dünyanın iqtisadi artım tempi yüksək olsun. Amma Amerika ilə Çin arasında gedən iqtisadi müharibələr, yaxın şərqdə gedən geosiyasi proseslər, Venesuelaya iqtisadi sanksiyaların tətbiq olunması, İranın ixrac imkanlarının azaldılması kimi faktlar dünya iqtisadiyyatının artım tempinə mənfi təsir göstərən amillərdir. Eyni zamanda bu faktlar ticari dövriyyəni aşağı salır. Neftə olan tələbatın azalması birbaşa dünyanın iqtisadi faktorları ilə bağlıdır. Bir tərəfdən də koronavirusun dünyanı bürüməsi neftin qiymətinə təsir edir. Ona görə də qarşıdakı aylarda neftin qiyməti bir az da aşağı düşəcək, hər bareldə 6-7 dollar ucuzlaşacaq. Bunun isə Səudiyyə Ərəbistanın iqtisadiyyatına elə də təsiri olmayacaq. Çünki neftin qiymətinin formalaşdıran əsas amil onun maya dəyəridir. Səudiyyə Ərəbistan da ən ucuz maya dəyəri ilə neft hasil edən ölkədir. Digər tərəfdən əgər Səudiyyə Ərəbistanı neft siyasətində bu addımı atırsa, demək onun kifayət qədər “təhlükəsizlik yastığı” mövcuddur. Eyni zamanda onlar ölkənin vergi qanunvericiliyində müəyyən dəyişikliklər edəcək. Eyni zamanda neftin istehsalında tətbiq edilən texnologiyanın da səviyyəsi neftin maya dəyərinə təsir edən amillərdəndir. Düşünürəm ki, bu vəziyyət Səudiyyə Ərəbistanının iqtisadiyyatına elə də təsir etməyəcək. Çünki ucuz başa gələn neft ixracının həcminin artırılması azalan gəlirləri kompensasiya edəcək. Rusiya üçün isə bu sözləri demək çox çətindir”.

Politoloq Vüqar Zifəroğlu isə hesab edir ki, Rusiya ilə İranın iqtisadi durumu ağır olduğu üçün Səudiyyə Ərəbistanına qarşı çox böyük addımlar ata bilməyəcəklər:

“Rusiya ilə İranın mövqeləri bir çox prinsipial məsələlərdə həmişə uzlaşıb. Xüsusən Yaxın Şərq siyasəti ilə bağlı İranla Rusiya həmişə ortaq fikir yürüdüblər. Qaldı Səudiyyə Ərəbistana həmlələrlə bağlı məqama, bu istiqamətdə Rusiya həmişə İrana dəstək verib. Bu həm maliyyə, həm silah, həm də “lojistik” dəstək olub. Bu dəfə də indiyə kimi müşahidə etmədiyimiz nəyinsə şahidi olmayacağıq. Yəni, həmişəki addımlar olacaq. Qaldı “Hizbullah”ın aktivləşməsi məsələsinə, Rusiyanın dəstəyi olarsa, İran daha geniş manevr edə bilər.

Amma İranın özü hazırkı durumunda bu addımı atmağa nə dərəcədə hazırdır? Bu mübahisəli mövzudur. Çünki hələ əvvəl Amerika tərəfindən İrana tətbiq edilən öldürücü iqtisadi sanksiyalar var idi. Bir tərəfdən də koronavirus faktı ikinci zərbə oldu. Üçüncü zərbə isə neft qiymətinin düşməsi oldu. Bütün bunları nəzərə alsaq, tərəddüd etmədən İran iqtisadiyyatının çox bərbad bir vəziyyətdə olduğunu deyə bilərik. İrana yaxın olan leqal və qeyri-leqal birləşmələr isə fəallaşmaq üçün maliyyə tələb edir. Bu mənada düşünmürəm ki, İranın sözügedən məsələdə ortaya hansısa potensial qoymaq imkanı olsun. Amma təbii ki, nəzarəti altında olan bir çox qrupları aktivləşdirəcək. İran bunu da onun üçün edəcək ki, ayaq üstə dayandığını nümayiş etdirsin. Yəni hələ də nəfəs aldığını sübut etsin. Belə ki, Livanda “Hizbullah”ın, Yəməndə “Ənsərullah”ın aktivləşməsinə şahid ola bilərik. İran Suriyada da proseslərə təkan vermək istədi, amma buna nail ola bilmədi. Eyni zamanda Əfqanıstanda, İraqda terrorçu qruplaşmaların aktivləşdiyini də görə bilərik. Yəni, İran Mərkəzi Asiyada kiçik də olsa, müəyyən aktivliklər göstərməyə çalışacaq. Amma İranın hazırkı durumunda hər hansı böyük addımlar atmaq imkanı yoxdur. O, nə itisadi cəhətdən bu gücdədir, nə də ətrafda baş verən proseslər ona bu addımı atmağa imkan verməz. Eyni zamanda Rusiya iqtisadiyyatı da zəifdir. O da genişmiqyaslı əməliyyatlara çox maliyyə xərcləməli olacağı üçün buna gedəcəyini düşünmürəm. Hər iki ölkənin bu səviyyədə olduğu bir vaxtda hansısa ciddi nəticələrə səbəb ola biləcək addım atacaqları ehtimalı həddindən artıq azdır”.

Əli Bədir
Cebhe.info

  14.03.2020 12:00    |      9703