<span style=color:#ff0000>“Paşinyanın payızı” gəlir?</span>

“Paşinyanın payızı” gəlir?

A + A -

Ermənistanın Baş naziri Nikol Paşinyanın apardığı siyasət hər gün onun sonunu daha da yaxınlaşdırır.

Artıq erməni ictimaiyyəti və rəsmiləri Paşinyanın şəxsi məqsədlər üçün yürütdüyü siyasətini açıq şəkildə sərt dillə tənqid edirlər.Belə ki, Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin sabiq direktoru, hazırda “Vətən” partiyasının sədri olan Artur Vanetsyan da Baş nazir Nikol Paşinyanı tənqid edib. O, Baş naziri ictimai həmrəyliyi tədricən məhv etməkdə və erməni xalqını vətəndaş müharibəsinə sürükləməkdə ittiham edib.

Artur Vanetsyan deyib ki, Nikol Paşinyanın hakimiyyət dövrü Ermənistan tarixində qeyri-müəyyənlik, fəlakətlər və dağıntılar dövrü kimi yadda qalacaq.Vanetsyan, Paşinyanın bir- biri ilə fiziki cəhətdən toqquşacaq iki konfliktli qrup yaratdığını və hakimiyyətini bu toqquşma üzərində bərqərar etmək istədiyini deyib.Artıq ermənilər də vəziyyətin son həddə çatdığını və Paşinyanın hakimiyyətdən getməli olduğunu özləri etiraf edirlər.

Siyasi böhran dərinləşir

Məsələyə münasibət bildirən politoloq Elşən Manafov “Cümhuriyət”ə açıqlamasında deyib ki, Ermənistanda vətəndaş müharibəsinin olmasından daha çox Paşinyanın hakimiyyətdən gedişi gözlənilir:

““Vətən” partiyasının sərgilədiyi mövqe Ermənistanda siyasi böhranın yarandığını və dərinləşdiyini göstərir. Paşinyanın iqtidarda olduğu dönəmdə keçirdiyi “islahatlar” əslində, ölkə və dövlətin tərəqqisi naminə deyil, məlum oldu ki, özünün şəxsi konyuktur maraqlarının realizə edilməsi üçündür.Eyni zamanda Paşinyanın bu addımları onu hakimiyyətə gətirən qüvvələr qarşısında üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi və təmsil olunduğu klanın maraqlarının həyata keçirilməsinə münbit şəraitin yaradılmasından ibarət olub. İlk növbədə Ermənistanda kapital və mülkiyyətə nəzarət uğrunda mübarizədə "Qarabağ klanı"nın sıxışdırılması, onların təmsilçilərinin parlamentdən, hökumət strukturlarından kənara çəkilməsi ilə bağlı müəyyən ambisiyalar, planlar var idi. Bu planların realizə olunması Ermənistan xalqının maraqlarına yaxşı heç nə vəd etmədi. Ermənistanda siyasi böhranın dərinləşməsi sosial-iqtisadi durumun ağırlaşmasına və əhalinin maddi güzəranının pisləşməsinə, miqrant axınının və klanlararası savaşın güclənməsinə dəlalət edir”.

“Geosiyasi faktorlar özü də “inqilabçı” Baş nazirin xeyrinə işləmir”

Ekspert böhranın bu ilin payızında Ermənistanda hakimiyyət dəyişikliyi ilə nəticələnəcəyini istisna etməyib:

“Eyni zamanda “Vətən” partiyasının bəyanatına Ermənistanda maraqları olan geosiyasi beynəlxalq güc mərkəzlərinin kontekstindən də yanaşmaq lazımdır. Çünki prinsip etibarı ilə Ermənistan uğrunda mübarizə davam edir.Paşinyanın hakimiyyət başına gətirilməsində maraqlı olan qüvvələr ondan öz üzərinə götürdüyü öhdəlikin yerinə yetirilməsini tələb edirlər. Rusiyanın Ermənistandakı hərbi mövcudluğu İrəvanın ondan enerji asılılığı, Qarabağ probleminin həll edilməməsi, beynəlxalq miqyasda bu dövlətə münasibətin tədricən dəyişməsi göstərir ki, geosiyasi faktorlar özü də “inqilabçı” Baş nazirin xeyrinə işləmir. Paşinyan korrupsiyaya qarşı mübarizə aparacağını bəyan edib, həqiqətdə isə "Qarabağ klanı"nın nümayəndələrinin sıxışdırılması istiqamətində addımlar atdı. Nəticədə isə kölgə iqtisadiyyatının ölkənin iqtisadi və sosial durumuna mənfi təsirlərini daha da artırmış oldu.Hadisələrin bu tərzdə gedişi siyasi böhranın daha da dərinləşəcəyini göstərir.Böhranın bu ilin payızında Ermənistanda hakimiyyət dəyişikliyi ilə nəticələnəcəyini də istisna etmirəm.Paşinyanın 3 nazirin istefasını birdən qəbul etməsi, Koçaryanla Sarkisyanın görüşləri Rusiyanın Paşinyandan heç də razı olmadığından xəbər verir.Buna görə də münasib şəraitdə onun hakimiyyətdən kənarlaşdırılması üçün daha konkret və real addımlar atıla bilər.

Politoloq Paşinyan komandası ilə "Qarabağ klanı"nın mübarizə məqsədlərinə də işıq tutub:

“Paşinyan gözəl başa düşür ki, Dağlıq Qarabağ probleminin həlli ilə bağlı əvvəlki klandan fərqli sərgilədiyi mövqe onun aqibətinin sonunu sürətləndirə bilər. Çünki Ermənistanın reallığı dərk edən ziyalı təbəqəsi bunu ona bağışlamayacaq.Yaxın perspektivdə erməni millətçiliyinin bu ölkənin ictimai-siyasi durumunda doğurmuş olduğu reallıqları aradan qaldırmaq mümkün deyil və Paşinyan da bunu çox gözəl anlayır.Ona görə də psevdo-müharibə ovqatı yaradır.Guya cəmiyyəti Vətən müharibəsinin notlarına kökləyir. Əslində, Paşinyan qeyri-konstruktiv mövqe sərgiləməklə yanaşı, onun "Qarabağ klanı"ndan fərqli olaraq, daha konkret bir mövqeyi yoxdur. Paşinyanın daban-dabana zidd olan addımları göstərir ki, onun şəxsi maraqlarını realizə etməkdən başqa istəyi olmayıb. Ermənistandakı durum da bunu göstərir. Şuşadakı qondarma inauqurasiya mərasimində iştirakı da daxilə ötürülən mesaj idi ki, yəni artıq burada söz sahibi klan və onun Qarbağdakı nümayəndəsi yox, Paşinyan və onun komandasıdır. Bu iştirak "Qarabağ klanı"nı heç də məmnun etməyib. Çünki "Qarabağ klanı" da bilir ki, Paşinyan nümayəndəsinin sükan arxasına keçməsi klanın Qarabağdakı proseslərə nəzarət imkanını məhdudlaşdıracaq və bu ərazidə keçirilməli olan layihələrdən dövlət vəsaitinin mənimsənilməsi üçün korrupsiya imkanları məhdudlaşacaq. Əslində, iki klan arasında gedən mübarizənin kökündə duran məsələ də Qarabağda keçiriləcək layihələrinə sərf olunacaq dövlət vəsaitlərinin mənimsənilməsi durur. Nəticə olaraq deyə bilərik ki, Ermənistanda Vətəndaş müharibəsindən daha çox Paşinyanın komandasının hakimiyyətdən getməsi cəmiyyətin maraqlarına cavab verir.Çünki Vətəndaş müharibəsinin baş verməsinə Rusiya imkan verməz.2011-ci ildə Suriyadakı Vətəndaş müharibəsi göz önündədir. Çünki orada da Vətəndaş müharibəsi nəticəsində az qala mərkəzi hakimiyyət itirilirdi. Suriyanın parçalanması isə bölgədə Rusiyanın geosiyasi və hərbi nüfuzunun itirilməsi demək idi.Bu risk zamanında çox böyük idi.Cənubi Qafqaz uğrunda gedən mübarizədə Ermənistanın Rusiya üçün nə qədər mühüm olduğu göz önündədir. Bir də Ermənistanda kilsə və din faktoru cəmiyyətin qarşı-qarşıya durmasına və məsələnin Vətəndaş müharibəsi həddinə çatmasına imkan verməzlər”.

Əli Bədir
Cebhe.info

  2020-07-07T11:00:14+04:00    |      18635