Neft ölkələri üçün xilas yolu - <span style=color:#ff0000>HASİLAT DAYANIR?</span>

Neft ölkələri üçün xilas yolu - HASİLAT DAYANIR?

A + A -

“Dünyada neft hasilatını təcili dayandırmaq lazımdır. Ancaq bu yolla tələb-təklif bazarında kollapsdan qaçmaq mümkündür”.

Bunu “IHS Markit" konsaltinq şirkəti bəyan edib. “Bloomberg”in məlumatına görə, 3 aydan sonra neft hasilatçısı olan ölkələr neft anbarlarının çatışmazlığı ilə üzləşəcək. Bundan ilk zərər görən isə Rusiya olacaq.

Qeyd olunur ki, Rusiyada neft anbarları sayca azdır və hasil olunaraq satılmayan neft həcmi üçün adekvat deyil.

ABŞ və Səudiyyə Ərəbistanında da bu baxımdan vəziyyət yaxşı deyil, ancaq Rusiya ilə müqayisədə daha pis hesab edilə bilməz.

Mütəxəssislər hesab edirlər ki, təklif tələbi sutkada 12,4 milyon barel üstələyəcək, bu da bu ilin ikinci rübündə baş verəcək. Ehtiyat isə 1,8 milyard barel artacaq.

Xatırladaq ki, dünən neft bazarında "Brent" markalı neftin bir bareli son 20 ilin ən aşağı həddində olub - 24,21 dollar. Rusiyanın “Urals” neftinin bir bareli isə artıq Avropa bazarında 18 dollara satılır.

Neftin qiyməti koronavirusun yayılmasıyla bağlı Çində tələbatın azalması, eləcə də OPEK+ sazişinə Rusiyanın etirazı ilə əlaqədar dəyişib. Səudiyyə Ərəbistanı neftin qiymətini azaldıb və bu, bazarda şok effekti yaradıb.

Neft hasilatının dayandırılması çıxış yolu ola bilərmi? Bu neft qiymətlərinin stabilləşməsinə təkan verəcəkmi?

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Cebhe.info-ya açıqlamasında bildirib ki, hasilatın azaldılması və ya dayandırılması çıxış yolu ola bilər:

“İlin əvvəlində neftin qiyməti 68-70, martın əvvəlində isə 52 dollar idi. İlin əvvəli ilə müqayisədə qiymət 2,9 dəfə aşağı enib. Bu qiymət neft istehlakçılarında cəlbedicilik yaradır. Ucuz neft şəraitində bazarda böyük tələbat yaranıb. Kimin anbarı varsa, alıb ora yığır, yoxdursa böyük – 1 milyon bareldən çox tutumu olan super tankerlər sifariş edərək saxlayır. Amma anlamırlar ki, neftin qiyməti bahalaşsa belə, bu məhsulların bazara çıxarılması qimətlərin yenidən enməsinə səbəb olacaq. Dünya neft bazarı bu durumu bir neçə dəfə yaşayıb. “IHS Markit"-in açıqlaması bu baxımdan həqiqətdir. Yəni neft hasilatının həcmlərinin azaldılması təlatümlərin qarşısını ala bilər”.

Neft məsələləri üzrə ekspert bildirir ki, qiymətin 25 dollar olması hasilatçıların arasında avtomatik olaraq istehsalın gündəlik 10 milyon barel azaldılmasına gətirib çıxaracaq:

“Çünki çıxarılan bütün neftlərin tərkibi eyni deyil və çətin çıxarılan neftlər var. Bu cür neft hazırda 10 faizdir. Onun maya dəyəri bahadır. Hazırkı durumda hasilatçılar onu istehsal etməkdən imtina edir və bu cür neft yavaş-yavaş bazardan çıxır. Bu Rusiya, OPEC+, Səudiyyə Ərəbistanının istəyindən asılı deyil. Aparıcı neft hasilatçıları olan, Rusiya, Səudiyyə Ərəbistanı, İraq, Nigeriyanın aprel 1-dən hasilatı artırmaq niyyəti isə bazar iştirakçılarında qeyri-müəyyənlik və pessimistlik yaradır. Bu durum da neft qiymətlərini aşağı salır”.

Xatirə Nəsirova
Cebhe.info

  28.03.2020 17:44    |      4368