Putinin yeni imperiya planı: <span style=color:#ff0000>Dəyişiklik nəyə xidmət edir?</span>

Putinin yeni imperiya planı: Dəyişiklik nəyə xidmət edir?

A + A -

Rusiyanın Dövlət Duması konstitusiyaya düzəlişlərlə bağlı qanunu təsdiq edib.

Aprelin 22-də ümumxalq səsverməsinə çıxarılacaq yeni konstitusiya qanununda bir sıra yeni maddələr yer alıb. Əsas dövlət qanunu ilə rus millətçiliyini hüquqi cəhətdən təsbit edilib. Konstitusiya ilə Rusiya xalqı Rusiya dövlətinin təsisçisi, rus dilinə isə dövlət dili kimi baxılması təklif edilir. Əgər rus dili ifadəsi Rusiya terminindən ayrılırsa, deməli, Rusiya xalqı dedikdə məhz ruslar nəzərdə tutulur. Bu isə çoxmillətli federativ quruluşa malik Rusiyanı unitarlaşdırmaq, rusları əsas millət elan etmək planından xəbər verir.

Politoloq Qabil Hüseynlinin fikrincə, prezident Vladimir Putinin bu ideyası Rusiyada yaşayan millətlərin hüquqlarının pozulmasına və onların narazılığına səbəb olacaq. Nəticədə, Rusiya dövləti ciddi problemlərlə üzləşə bilər:

“Bu konstitusiya qanunu rus şovinizminin təzahürüdür. Hətta vaxtilə Rusiyanın böyük mütəfəkkirləri də qeyd ediblər ki, “velikorus” şovinizmi güclənəndə rus xalqının düşmənləri çoxalır. Putin özü SSRİ-nin dağıdanlardan biridir. İndi isə iddia edir ki, SSRİ-nin dağılması XX əsrin geostrateji fəlakətlərindən biridir. Putin bir tərəfdən millətçilik əhval-ruhiyyəsini “körükləyir”, digər tərəfdən də xalqın qayğısına qalmaq istəmir. Putin bilmirmi ki, sürətlə silahlanmaya bu qədər xərc ayırmaqdansa, həmin vəsaiti sosial ehtiyaclara, maddi rifah halının yaxşılaşdırılmasına yönəltmək lazımdır? Putin bilmir ki, ölkədə korrupsiyanın, rüşvətxorluğun qarşısını almaq lazımdır? Özü də topladığı var-dövlətdən xalqına güzəştə getməlidir. Rusiya çoxmillətli ölkədir. Bu ölkədə 50-dən artıq millət və xalqın nümayəndəsi yaşayır. Ruslar ölkə əhalisinin yarısından azını təşkil edir. Rusiyada 200 milyondan artıq insan yaşayır ki, onun 90-95 milyon nəfəri rusdur. Belə olan halda, hansı təsisçilikdən, rus dilinin hakim dil olmasından danışmaq olar? Mən Rusiyanın əsas subyektlərindən biri olan Tatarıstan haqqında danışmaq istəyirəm. Rusiya dövlətçiliyinin formalaşmasında tatar xalqı əvəzsiz rol oynayıb. Tatarlar mərkəzləşdirilmiş rus dövlətinin yaranmasının, bilavasitə səbəbkarıdır. Bugünkü rus xalqının formalaşmasında yaxında iştirak edib. Putin tatarlara nə edəcək? Tarixən Rusiyanın dağılmasının əsas səbəbi millətçiliyin artması, digər millətlərin hiss və duyğularının təhqir edilməsi olub. Bu konstitusiya, sanki başqa millətləri yuxudan ayıldır və onları öz hüquqları uğrunda mübarizəyə səsləyir. Onların bir çoxu türkdilli xalqlardır. Ural dağlarının qərbindən başlayaraq Uzaq Şərqə qədər olan ərazilər tarix boyu tatarlar, başqırdlar, çuvaşlar, buryatlar, komilər vər türk mənşəli digər milətlərinin vətəni olub. İndi prezident Putin bunu inkar edib, onların hibridləşməsi hesabına yaranmış rus xalqını “velikorus” şovinizmi ilə bəsləyərək nə etmək istəyir? Rus xalqına bu gün millətçilik deyil, digər xalqlarla dostluq daha vacibdir. Millətlərarası nifaq salmağın bir yolu da konstitusiyaya belə maddələrin salınmasından irəli gəlir”.

Qabil Hüseynli hesab edir ki, Putinin istəklərinə baxmayaraq, Rusiya kimi çoxmillətli ölkədə federativ dövlət quruluşunu unitar forma ilə əvəz etmək qeyri-mümkündür.

“Rus xalqı üç yüz il tatarların müstəmləkəsi olub. İndi tatarların milli duyğularına toxunsalar, onlar da əks-reaksiya verəcək. Münasibətlər çox kəskinləşək və ümumiyyətlə, multikulturalizmin yayıldığı müasir dünyada belə şovinist ideyaların təbliği təcrübədə qəbul edilməyəcək”.

Müşfiq Abdulla
Cebhe.info

  14.03.2020 13:00    |      25026