Sosial şəbəkələrə nəzarət:<span style=color:#FF0000> Nə yaxşıdır, nə pis?</span>

Sosial şəbəkələrə nəzarət: Nə yaxşıdır, nə pis?

A + A -

Gəncə hadisələri və ölkədə baş verən enerji böhranı sosial şəbəkələrin məhdudlaşdırılması ilə bağlı təklifləri yenidən gündəmə gətirib.

Bu, sosial şəbəkələrdə radikal çağırışların sayının artması ilə bağlıdır. Hətta, bir sıra deputatlar Azərbaycanda populyar sosial şəbəkələrə nəzarətin gücləndirilməsi təklifilə çıxış edib. Milli Məclisin əmək və sosial siyasət komitəsinin sədri, siyasi elmlər doktoru, professor Hadı Rəcəbli hesab edir ki, söyüş söyən, dövlətin əleyhinə təxribat aparan sosial şəbəkələr nəzarətə götürülməlidir.

Onun qənaətincə, sosial şəbəkələrdə adamları kütlə psixologiyasına uyğun olaraq qızışdıran qüvvələrin hər biri dövlətin, xalqın əleyhinə olanlardır. 

Milli Məclisin başqa bir deputatı, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə isə bir qədər də irəli gedərək, “Sosial şəbəkələrdə normal adamlar olmur” deyib. Sosial demokratların lideri də təklif edir ki, sosial şəbəkələr məhdudlaşdırılsın: 

“Mən sosial şəbəkələrin məhdudlaşdırılmasına və nəzarət olunmasına tərəfdaram. Nəzarətsiz olanda, gəlib savadsız zırramanın biri oturub nə istəyirsə, onu da yazır, insanları təhqir edir, radikal çağırışlar edilir və s. Ona görə də, mən Azərbaycanda sosial şəbəkələrin məhdudlaşdırılmasının tərəfdarıyam”.

İki millət vəkilinin ortaq fikri sosial şəbəkələrin nəzarət altında saxlanmasıdır. 

Bu hal özünü necə göstərə bilər, ümumiyyətlə, real olaraq mümkündürmü? Qanunvericilik buna yol verirmi, bu, hansı hüquqi problemləri gündəmə gətirə bilər? Nəhayət, cəmiyyətin buna hazırlığı varmı, insanların həyatına hansı formada təsiri ola bilər və nəticələr hesablanıbmı? Bu sualların yaranması mümkündür. 

Sosial şəbəkələrin qanunla məhdudlaşdırılması necə mümkün ola bilər? Məsələ qanunun qəbul olunması ilə bitmir. Qanunun reallaşmasında yarana biləcək problemlər necə aradan qaldırılacaq? Ədalət birinin hüququnu bərpa etməklə, digərinin hüququnu məhdudlaşdırmaq deyil. Bu məsələ ilə bağlı müzakirə, tənqidlər aylarla, bəzən illərlə sürəcək. Nəticə? Beynəlxalq təşkilatlar qarşısında götürdüyümüz öhdəliklər necə olacaq?

Onun dövlət üçün iqtisadi tərəfini, siyasi təzyiqlərini görən hansı deputat ödəyəcək? Deputat statusundan istifadə edərək, dövləti cəmiyyət üçün ziyanlı qadağalara istiqamətləndirmək millətin mənafeyini düşünməkdirmi? İnsanların şərəf və ləyaqətinə hörmətsizliyi, həqarəti heç kim təqdir edə bilməz. Bunu əxlaq normaları da, hüquq da tənzimləyir. Bu səddi keçənlər həm qanun, həm də cəmiyyət qarşısında cavab verməlidir. Hüququn aliliyinin təmin olunmasından söhbət gedirsə, o zaman qanunu pozanlara qarşı mexanizm öz işini görməlidir. Bu isə, ümumilikdə, digərlərinin hüququnu pozmağa rəvac verə bilməz.

Eynilə dövlətə qarşı olan çağırış və hərəkətlər qanunla da qadağandır və bunu pozan insanlar cəzalanmalıdır. Söhbət burada sadəcə və sadəcə əməl və davranışları hüquqazidd olan insanların nəzarətə götürülməsindən, onların barəsində qanunamüvafiq qərarlardan gedə bilər. 

Ümumilikdə, şəbəkələşmiş sistemi nəzarət altına almaq mexanizm olaraq mümkün deyil. Şəbəkə istifadəçisi fərdi olaraq qanunazidd hərəkət edir, bunu edən bütöv sistem deyil. Sosial şəbəkələr informasiya mənbəyi, maraq obyekti, ünsiyyət vasitəsi, asudə vaxtın keçirildiyi virtual məkandır. Normal insanlar sosial şəbəkələrdən düzgün, əxlaqi dəyərlər çərçivəsində istifadə edir. Tələbələr informasiya mübadiləsi aparır, insanlar xaricdə yaşayan qohumları ilə əlaqə saxlayırlar. Hər baş verən hadisəyə görə bütövlükdə cəmiyyəti günahlandırmaqdansa, konkret şəxsləri, sosial qrupları tərbiləyəndirmək daha doğru deyilmi? Bu gün sosial şəbəkələrin bağlanması və nəzarət olunması ilə bağlı səslənən fikirlər reallıqla uzlaşmır.

Müasir dünyaya inteqrasiya yolu seçən, demokratik dəyərləri ümdə prinsip bilən, müxtəlif insan haqlarıyla bağlı beynəlxalq təşkilatlar qarşısında öhdəliyi olan, hüquqi bazasını məhz beynəlxalq hüquqa uyğunlaşdıran bir dövlətin belə bir addım atması doğru olmazdı. Doğru olan insanları sosial şəbəkələrdən düzgün istifadəyə çağırmaq, vətəndaş və dövlət arasındakı əlaqələrin gücləndirilməsi, radikal qrupların yenidən topluma və cəmiyyətə inteqrasiyası olunmasıdır. O zaman nə şəbəkə, nə də onun bağlanmasını düşünmək kimi problemimiz olar….

Alçina Amilqızı 

  2018-07-13T19:30:00+04:00    |      360