SSRİ bərpa olunur? -<span style=color:#ff0000> ŞƏRH</span>

SSRİ bərpa olunur? - ŞƏRH

A + A -

“Rusiya Liberal Demokrat Partiyasının dəyişməz lideri, Dövlət Dumasının deputatı Vladimir Jirinovski martın 23-də deyib ki, Rusiya Konfederasiyasının yaradılmasına ehtiyac var”.

Cebhe.info xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

O qeyd edib ki, Jirinovski hansı dövlətləri konfederasiyada görmək istəyirsə, özü bir-bir sadalayır:

“Qazaxıstan, Mərkəzin Asiyanın digər ölkələri, Belarus, Moldova, Azərbaycan, Ermənistan və Gürcüstan”.

Jirinovski yeni “konfederasiyanın” Türkiyə, İran, Suriya və İraqla sıx əlaqələr qurmasının da vacib olduğunu bildirib. Yəni Jirinovski bu ölkələri “konfederasiyaya” üzv etməyi planlaşdırmasa da, onlarla tərəfdaşlıq əlaqələri qurmağa çağırıb.

Bəs “konfederasiyanın” ümumi siyasəti necə formalaşacaq?

Jirinovskinin bu suala da cavabı var: “Konfederasiyanın xarici və maliyyə siyasəti mərkəzdən idarə olunmalıdır”. Jirinovski mərkəz deyərkən Kremli nəzərdə tutur. Başqa sözlə keçmiş SSRİ-də olduğu kimi gəlir Moskvaya axmalı, kiminlə dost və kiminlə düşmən olmağa da Kreml qərar verməlidir.

Jirinovskinin bu açıqlamasını növbəti sərsəmləmə kimi qiymətləndirib fikir verməmək də olardı. Ancaq bir neçə amil bu açıqlamaya diqqət yetirməyi lazım bilir.

Birincisi, Jirinovski Kremlin danışan dilidir. Kreml sahiblərinin deyə bilmədiklərini Jirinovski səsləndirir. Məsələn, Rusiya Prezidenti Vladimir Putin müsahibələrinin birində demişdi ki, SSRİ-nin süqutu böyük faciə idi. Yəni Putin SSRİ-nin xislətini çəkir, ancaq imperiyanı bərpa etmək onun gücü xaricindədir. Buna baxmayaraq, o imperiya arzusundan əl çəkməyib. İmperiya alınmırsa, heç olmazsa konfederasiya ideyası ortaya atılsın. Jirinovskinin sərsəm açıqlamalarının sayı hesabı olmasa da, o bəzən onluğa vurur. Məsələn, hələ 20 il əvvəl Jirinovski “Krımı güc yolu ilə Ukraynadan qopardıb Rusiyaya birləşdirmək lazımdır” deyəndə kimsə, hətta Kremlin dəhlizlərində bu açıqlamaya gülüşlə yanaşırdılar. Ancaq illər sonra Jirinovskinin arzusu yerinə yetirildi.

İkincisi, Jirinovski “konfederasiya” ilə bağlı açıqlamasının sonunda vacib cümlə işlədib: “Rusiya Konfederasiyasının yaradılması üçün münbit zəmin var”.

Jirinovski “münbit zəmin” deyərkən koronavirusun dünyada yayılmasını və bu virusdan böyük dövlətləri ağır vəziyyətə düşdüyünü nəzərdə tutur. Yəni Jirinovski və onu bu açıqlamaya vadar edənlərin fikrincə, hazırda Qərb dövlətlərinin başları özlərinə qarışıb və bu bir neçə ay davam edəcək, fürsətdən yararlanıb Rusiyanın başçılığı ilə yeni imperiyanı formalaşdırmaq olar”.

Politoloq vurğulayıb ki, virus yalnız Qərb dövlətlərini vurmayıb, Rusiyada da yoluxanların sayı hər keçən gün artır:

“Moskvanın meri Sobyanin artıq həyəcan təbili çalır. Qərb durğunluğa sürüklənən iqtisadiyyatını hərəkətə gətirmək üçün bir yol tapacaq, Rusiya isə qiyməti azalan neftinin fonunda iqtisadiyyatını necə bərpa edəcək - bu böyük sualdır. Ona görə də rusiyalı siyasətçiləri “konfederasiya” haqqında düşüncələrə qərq olmaqdansa, “Rusiyanın iqtisadiyyatını necə xilas edəcəyik” sualı üzərində qara-qara düşünsələr yaxşı olar. Bir də ki, Jirinovskinin “konfederasiya üzvləri” kimi sadaladıqları dövlətlərdən heç biri öz xoşu ilə yeni imperiyaya qatılmaq istəməyəcək. Rusiyanın isə keçmiş zamanlarda olduğu kimi imperiya yaratmaq üçün qonşuluqdakı hər dövlətə ordu yeritmək gücü yoxdur”.

Alçina Amilqızı
Cebhe.info

  2020-03-25T17:21:34+04:00    |      6931