Ter-Petrosyandan Ermənistanı reallığa qaytaracaq çıxış: <span style=color:#ff0000>“Hər şey bitdi, həm Əliyevlə, həm də Türkiyə ilə razılığa gəlməliyik”</span>

Ter-Petrosyandan Ermənistanı reallığa qaytaracaq çıxış: “Hər şey bitdi, həm Əliyevlə, həm də Türkiyə ilə razılığa gəlməliyik”

A + A -

“Qarabağ münaqişəsinin həlli bundan sonra Ermənistandan asılı deyil”.

Cebhe.info-nun məlumatına görə, Ermənistanın ilk prezidenti, Erməni Milli Konqresinin lideri Levon Ter-Petrosyan İctimai Televiziyaya müsahibəsində belə deyib.

“Qarabağ münaqişəsinin həlli bundan sonra Ermənistandan asılı deyil. Qərar verən o olmayacaq. Bəlkə də Rusiya və ya BMT mümkündür, amma barışıqdan başqa yol olmayacaq. Hər hansı erməninin “Mən Qarabağ münaqişəsini həll edəcəyəm”,-deməsini gözləməyin. Belə bir şey yoxdur, yoxdur. Bu illüziyadır”,-deyə Ter-Petrosyan bildirib.

Onun fikrincə, qonşuları ilə əbədi düşmənçilik Ermənistanın mövcudluğunu təhlükə altına qoyur. Vəziyyəti nizamlamaq üçün yaxşı qonşuluq və razılaşma lazımdır: “İndi Əliyevdən heç bir təhlükə gəlmir. Sülh hökm sürür, rus qoşunları dayanıb və Ermənistanla Azərbaycan arasında müharibə mümkün deyil. Razılaşmaya bilərsiniz, lakin zaman keçdikcə həm Əliyevlə, həm də Türkiyə ilə hər hansı razılığa gəlməliyik. Qonşular əbədi düşmən ola bilməz”.

Birinci Prezident əlavə edib ki, Ermənistanın vaxtilə tutduğu əraziləri daim əlində saxlaması fikri absurddur: “Bu məsələdə müttəfiqimiz yoxdur və heç vaxt da olmayıb. İndi hər şey daha çətindir. O zaman qarşılıqlı güzəştə getmək imkanımız var idi, indi yoxdur. Biz bu imkanı itirmişik. Bizim heç nəyimiz yoxdur. Ermənistanın həlledici səsi yoxdur”.

O, sabiq prezident Robert Köçəryanın Şuşanın və Hadrutun qaytarılmasının mümkünlüyünə dair açıqlamasını “təhlükəli” adlandırıb.

“Bu, problemlərə gətirib çıxara bilər. Hazırda orada Azərbaycan qoşunları var. Bu, yalnız müharibə vəziyyətində mümkündür. Belə çıxır ki, Köçəryan yeni müharibə vəd edir. Azərbaycanı oradan kim çıxaracaq? Bütün dünya Qarabağı Azərbaycanın tərkib hissəsi hesab edir. O, yalnız bir hissəsini bərpa etsə də, heç kim Azərbaycanı qınamadı. Dünyanın qanunu budur. Biz Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olması ilə razılaşmağa məcbur olacağıq. Artıq bizdən heç bir asılı deyil. Hər şey bitdi”.

Onun sözlərinə görə, 1994-cü il Qarabağ probleminin həlli üçün ən əlverişli dövr idi:

“Azərbaycan çox acınacaqlı vəziyyətdə idi. Status məsələsi həll olunmadı, lakin bütün DQMV ərazisi, eləcə də Laçın dəhlizi qaldı, sülhməramlılar gətirildi”. Ter-Petrosyan əlavə edib ki, tənqidlərdən qorxmur və inandığı həqiqəti danışmağı üstün tutur.

Müşfiq Abdulla
Cebhe.info

  2021-06-16T11:55:43+04:00    |      10880