Zorlanma, yoxsa ayı? - <span style=color:#ff0000>12 yaşlı uşağın dəhşətli ölümü: Saxlanılan şəxs kimdir? - Bələdiyyə sədrindən ÖZƏL AÇIQLAMA</span>

Zorlanma, yoxsa ayı? - 12 yaşlı uşağın dəhşətli ölümü: Saxlanılan şəxs kimdir? - Bələdiyyə sədrindən ÖZƏL AÇIQLAMA

A + A -

İki gün əvvəl itkin düşən, bir gün sonra isə yaşadığı evdən təxminən 2 km aralı meşəlik ərazidən keçən çayda meyiti aşkar edilən 12 yaşlı Cəbrayıl Məmmədli ötən gün dəfn edilib.

Oğuz rayonu Xaçmaz kənd bələdiyyəsinin sədri Vidadi Məmmədov Cebhe.info-ya açıqlamasında baş verən hadisə ilə bağlı təfərrüatları danışıb. Bələdiyyə sədrinin sözlərinə görə, hadisə ilə bağlı müxtəlif versiyalar və ehtimallar səsləndirilir. Amma hüquq-mühafizə orqanları ölümün hələlik vəhşi heyvan (ayının) pəncəsinin zərbəsi təsiri nəticəsində baş verməsi versiyası üzərində dayanıb:

“Hər halda hüquq-mühafizə orqanlarının versiyası budur. Əvvəl deyilmişdi ki, uşağı ayı parçalayıb. Demək olar ki, tam yeyib, sümükləri qalıb. Amma sonra aydın oldu ki, uşağın meyitinin yalnız baş nahiyyəsində xəsarətlər var. Hərə ağlına gələni deyir. Guya ki, uşaq təcavüzə uğrayıb. Bu uşağın başına yalnız şapalaq dəyib. Qulağından qan gəlib. Ekspert bunu ayının şapalağına bənzədir. Üzündə kol cızığına bənzər cızıq olub. Bütün paltarları əynində olub. Ayaqqabısının tayı tapılmayıb. Ola bilər ayı ilə üz-üzə gəlib və ayı başına şapalaq vurub, uşaq ölüb. Yaxud kimsə uşağın başına bellə vurub. Bəlkə yaşıd uşaqları ilə mübahisə edib, bir-birlərini vurublar. Hərə bir versiya söyləyir”.

Vidadi Məmmədov qeyd edib ki, dünən 100 nəfərə yaxın hüquq-mühafizə orqanları əməkdaşları, Fövqəladə Hallar Nazirliyinin və Təcili Tibbi Yardım Stansiyasının əməkdaşları, 700-dən çox kənd sakini uşağın axtarışına cəlb olunub. Səhərə yaxın uşağın meyiti tapılıb:

“Çox mədəni, gözəl və əfəndi bir ailədir. Gözəl və yetkin nəsildir. Heç kimlə ədavətləri, problemləri yoxdur. 12 yaşlı Cəbrayıl namaz qılırdı, oruc tuturdu, Allaha itaət edirdi. Bostan sahəsini suvarmaq üçün ərazidən keçən çay qırağına gedib və itkin düşüb. O ərazi evlərindən 2-3 kilometr aralıdır. Hər halda, uşağın qanı yerdə qalmaz. Son 20-30 ildə kəndimizdə belə hadisə yaşanmayıb. Ölümə səbəb heyvandırsa da, insandırsa da, tapılacaq”.

12 yaşlı uşağın ölümü ilə bağlı kənddə saxlanılan şəxsə gəlincə, bələdiyyə sədri bildirib ki, həbs edilən şəxsin Cəbrayıl Məmmədli hadisəsi ilə bağlılığı olmayıb, başqa hadisə ilə bağlı saxlanılıb:

“Bu şəxs də kəndimizdəndir. Hadisə baş verən ərazilərə yaxın yerdə yaşayır. Bizim kənd çox böyükdür, kəndin ayğından başına 17 kilometr, eni 7 kilometrdir. Kənddə 3 orta məktəb var. Bu saxlanılan şəxs də kəndin ayağındandır. Cəbrayılın axtarışı zamanı iki kimsəsiz uşaq (qardaşlar) ərazi üzrə polis şöbəsinə şikayət edib ki, bizi bu adam döyə-döyə diləndirir. Cəbrayıl Məmmədlinin axtarışı zamanı bu fakt üzə çıxdığı üçün saxlanılıb”.

Qeyd edək ki, Oğuz Rayon Prokurorluğu və Oğuz Rayon Polis Şöbəsinin məlumatında bildirilib ki, hadisə yerinə və meyitə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin olunub, şahidlərin izahatları alınıb. C.Məmmədlinin meyitinə baxış zamanı meyitin baş nahiyəsində xəsarətlər aşkar edilib. Məhkəmə-tibbi ekspertinin ilkin məlumatına görə, C.Məmmədlinin baş nahiyəsində aşkar edilmiş xəsarətlər vəhşi heyvanın (ayının) pəncəsinin zərbəsinin təsiri nəticəsində yaranmağa xarakterikdir. Hazırda faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Alçina Amilqızı
Cebhe.info

  2020-05-23T12:23:33+04:00    |      37742